Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar

post-img

Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində qadınlar arasında final döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komandanın 2 idmançısı həlledici görüşü qələbə ilə başa vurub.

50 kiloqramda Marjona Savriyeva komanda yoldaşı Günel Rəhimova ilə üz-üzə gəlib. Görüşdə birinci tam üstünlüklə qələbə qazanıb. Zeynəb Rəhimova da turnirin qalibi adına yiyələnib. O, finalda Şahina Nematovanı (Özbəkistan) 4:1 hesabı ilə məğlub edib.

Azərbaycanın digər boksçularından Mehparə Məmmədova (48 kiloqram) həlledici görüşdə Erika Priskiandaroya (İtaliya), Lalə Namazlı (63 kiloqram) isə Canfora Assuntaya (İtaliya) məğlub olduğundan ikinci yeri tutublar.

Beləliklə, qadınlardan ibarət Azərbaycan yığması “Böyük İpək Yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib. Millinin heyətində Marjona Savriyeva və Zeynəb Rəhimova birinci yeri tutublar. Günel Rəhimova, Mehparə Məmmədova və Lalə Namazlı gümüş medala yiyələniblər.

Ötən gün isə Anaxanım İsmayılova (50 kiloqram), Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kiloqram) üçüncü yerlə kifayətləniblər.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.

İdman