Bu gün, fevralın 23-də Azərbaycan futbolunun əfsanəsi, 1966-cı ildə Sovet İttifaqı və dünya çempionatlarının bürünc, 1972-də Avropa çempionatının gümüş mükafatçısı, “Şöhrət” ordenli Anatoli Andreyeviç Banişevskinin doğum günüdür. Anadan olmasının 78-ci ili tamam olur. Ötən illərdəki kimi, bu gün yenə futbol içtimaiyyətimiz iyirminci əsrdə Azərbaycan idmanının yetirdiyi ən görkəmli şəxsiyyətlərdən biri, unudulmaz “9 nömrə”ni dərin ehtiramla yad edir. Əlbəttə, “Xalq qəzeti” də həyata 1946-cı il fevralın 23-də göz açıb, 1997-ci il dekabrın 10-da, 51 yaşında əbədiyyətə qovuşmuş dünya şöhrətli mərkəz hücumçusunu hörmətlə xatırlayır.
…1996-cı ilin yanvar ayı idi. Məşhur hakimimiz, Tofiq Bəhramov və Eldar Əzimzadənin layiqli davamçısı Rüstəm Rəhimov Bakıdakı futbol veteranlarının Gəncədə yerli veteranlarla yoldaşlıq görüşü keçirmək üçün səfərə hazırlaşdıqlarını bildirib, mənə də onlarla birlikdə getməyi təklif etdi. Təklifi minnətdarlıqla qəbul etdim.
Səfərin təfsilatına varmadan yalnız onu deyim ki, Gəncədən Bakıya qayıdarkən avtobusda Banişevski ilə yanaşı əyləşmişdim. Yolda söhbət zamanı Anatoli futbolda keçən həyatı, istedadının parladığı vaxtlarda ölkənin müxtəlif komandalarından aldığı dəvətlər, amma sevimli “Neftçi”ni, doğma Bakını, Azərbaycanı bütün klublardan, şəhərlərdən və respublikalardan üstün tutduğu barədə fəxrlə söz açdı.
Söhbət əsnasında 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ komandası heyətində çıxışı və Azərbaycana bürünc medalla qayıtması haqqında da danışdıq ( xatırladaq ki, həmin çempionatda sovet futbolçuları 3-cü yer uğrunda görüşdə Portuqaliyaya 1:2 hesabı ilə uduzsalar da, mükafatçılar sırasında oldular, onda Beynəlxalq Futbol Federasiyası bu dəfə dördüncü yerin sahibinə də bürünc medal verilməsini qərara almışdı), həmçinin çempionatın bağlanış mərasimindən sonra təşkil edilən ziyafətdə Böyük Britaniyanın o zamankı Baş naziri cənab Vilsonun Banişevskiyə müraciətlə dediyi “Bakı nefti Rusiya üçün nə qədər əhəmiyyətlidirsə, sizin də oyununuz komandanız üçün bir o qədər faydalıdır” sözlərini də xatırladıq.
Çempionat günlərində ingilis jurnalistlərin Banişevskinin oyununa, ustalığına 150 min funt sterlinq qiymət qoyduqları da yada düşdü…
Sonralar ustad jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov (Allah rəhmət eləsin) 2002-ci ildə nəşr etdirdiyi “Banişevski olduğu kimi” kitabında bu barədə danışarkən mötərizədə yazmışdır: (“Düz 30 il sonra jurnalist Oqtay Bayramov bu məqamı ona xatırladanda Banişevski köks ötürüb deyəcək: “Hə, yadımdadır… Yadımdadır… Kalan pul idi…O vaxtkı hesabla, təxminən, bir milyon dollar…”).
A.Banişevski dünyada tanınan və alqışlanan böyük şəxsiyyət idi. Respublikamızda uşaqdan tutmuş böyüyədək hamının sevimlisiydi. Xeyirxah və səxavətli futbol dünyası öz qəhrəmanlarına sevgi və məhəbbətini heç vaxt əsirgəmir. Azərbaycan da əfsanəvi futbolçusuna həmişə minnətdardır.
Yaşıl meydanlarda təkrarolunmaz oyununa görə!
Alqışlarla müşayiət olunan sürətli və kəsərli hücumlarına, vurduğu 100-dən çox qola görə!
Cəmi 20 yaşında ikən “Neftçi”də və SSRİ yığma komandasında qazandığı iki bürünc medala görə!
Ən başlıcası isə, istedadının çiçəkləndiyi və sürətlə şöhrətin zirvəsinə yüksəldiyi vaxtlarda Sovet İttifaqının müxtəlif komandalarından aldığı dəvətləri qəbul etməyib, sevimli “Neftçi”yə, doğma Bakıya, Azərbaycana axıradək sadiq qaldığına görə!
Anatoli Banişevski futbolumuzun başı üzərində heç vaxt sönməyən parlaq bir ulduz idi. Elə indi də!
P.S. Hörmətli Rüstəm müəllimə bir daha təşəkkür etmək istərdim. Əgər o, 28 il əvvəlki tədbirin təşkilatçılarından biri kimi mənə də Gəncəyə getməyi təklif etməsəydi, avtobusdakı söhbət baş tutmazdı.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist