Almaniyanın Heydelberq şəhərində keçirilən para-cüdo üzrə Qran-pri yarışında kişilər arasında +90 çəki dərəcəsində J1 kateqoriyasında mübarizə aparan İlham Zəkiyev medal qazanmaqla Paris Paralimpiadasına doğru daha bir inamlı addım atdı.
İkiqat Paralimpiya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev “XQ”yə müsahibəsində bugünlərdə başa çatmış yarışda lisenziya şanslarını daha da artırdığını bildirdi.
– İlk sualımız Almaniyada yenicə başa çatmış Qran-pri yarışında iştirakınız barədə olacaq. Yarışa zədəli qatılmışdınız...
– Sol biləyim zədəli olduğundan müalicə alırdım. Yarış lisenziya xarakterli olduğu üçün mütləq iştirak etməliydim. İşin tərsliyindən 2-ci görüşdə sağ biləyim də əzildi. Buna baxmayaraq döyüşü davam etdirməyi qərara aldım. Hazırlığım yaxşı idi. Bürünc medalla reytinqdə yerimi qoruya bildiyim üçün sevinirəm.
– Tokio Paralimpiadasında cüdo komandamız böyük uğurla çıxış etdi. Komandamızın budəfəki Paralimpiya Oyunlarında şanslarını necə qiymətləndirirsiniz?
– Elədir. Cüdo yığmamız Tokio Yay Paralimpiya Oyunlarını 6 qızıl, 2 bürünc medalla ümumi hesabda birinci yerdə başa vurdu. Ümumilikdə isə Azərbaycan komandası tarixi uğur qazanaraq 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla 19 medala sahib olmuşdu. Komandamız medalların əyarına görə 162 dövlət arasında 10-cu yeri tutdu. Hazırda cüdo yığmamız əla formadadır. Vüqar Şirinli, Şəhanə Hacıyeva, Dürsədəf Kərimova, Xanım Hüseynova və digərlərinin reytinqi yaxşıdır. Namiq Abbaslının səhhətində bir az problemlər var. Yaxşı olsa, onun da reytinq xalları lisenziya şansı verir.
– Qarşıda komandamızı hansı lisenziya turnirləri gözləyir?
– Apreldə Antalya, mayda isə Tbilisidə Qran-pri yarışları olacaq. Kimlərin dördilliyin əsas idman yarışına vəsiqə qazanacağı mayda elan olunacaq. Onu da deyim ki, reytinqdə ilk 10-da olan idmançılar “Paris-2024”də iştirak edəcəklər. Mən özüm Paralimpiya reytinqində 3-cüyəm.
– Necə düşünürsünüz, komandamız Tokio Paralimpiadasında qazandığı tarixi nailiyyəti təkrarlaya bilərmi?
– İndiyədək 9 lisenziya əldə etmişik. Cüdo ilə yanaşı, parataekvondo, atletika, pouerliftinqçilərimizə də böyük ümidlərimiz var. Paraatletika üzrə komandamız Parisdə keçirilən dünya çempionatında 2 qızıl, 1 bürünc medal və növbəti Yay Paralimpiya Oyunlarına 4 vəsiqə qazanmaqla yüksək nəticəyə imza atdı. Parataekvondoşularımızın 3-ü özü üçün lisenziyanı rəsmiləşdirib. Güllə atıcılığı və üzgüçülük üzrə isə hərəsində 1 vəsiqəmiz var. Komandamız güclü potensiala malikdir. Milli Paralimpiya Komitəsi idmançılarımızın yüksək nəticə əldə etmələri üçün hər bir şərait yaradır. Hazırlığımız yaxşı gedir.
Tokio Paralimpiadasında özümüzü qələbəyə kökləmişdik. Bizə motivasiya verən 44 günlük müharibədə möhtəşəm Zəfərimiz idi. 2-ci görüşdə 2 barmağım sındı. Bunu mən nə rəqibə, nə də bir başqasına bildirdim. Ağrını iradəmlə dəf edərək növbəti görüşə çıxdım. Çünki dopinq nəzarətinə görə ağrıkəsicidən də istifadə etmək olmazdı. Xatırlayırdım ki, yaralı əsgərlərimizin əksəri müalicəni yarıda saxlayıb necə döyüş yoldaşlarının yanına tələsirdilər. O zaman xəstəxanalarda yaralıları ziyarət edərkən bunun şahidi olurdum. Qarşılaşmalar zamanı Vətən müharibəsində hərbçilərimizin yaralı vəziyyətdə döyüş meydanında aslan kimi vuruşmaları gözümün önünə gəlirdi ki, bu da əlavə güc verirdi. Oyunlara bu dəfə də və bundan sonra həmişə müzəffər ölkənin qalib idmançısı kimi yola düşəcəyik. Paris Paralimpiadasında da yenilməz güc nümayiş etdirəcəyik. Hamımız buna inanırıq.
Leyla QURBANOVA
XQ