Güləş komandamız Avropa 2-cisi oldu

post-img

Azərbaycanın güləş komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempi­onatında daha bir uğurlu çıxışı ilə hamımızı sevindirdi. Qitə çempionatında əldə edilən nəticələrdə yunan-Roma güləşçilərimizin payı daha yüksək oldu.

Avropa çempionatında növbəti dəfə tarixi uğura imza atan yunan-Roma güləşi üzrə komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medalla qitə birinciliklərində medalların əyarı­na görə özünün ən yaxşı nəticəsinə imza atdı. Xal sisteminə görə yalnız Türkiyədən geri qalan Azərbaycan güləşin bu növündə 5-ci dəfə (2011, 2018, 2020, 2023, 2024) koman­da hesabında qitə birinciliyində 2-ci yeri tutdu. Yığma­mız, ümumilikdə, Avropa çempionatlarında 10-cu dəfə ilk “3-lük”də yer aldı. Buna qədər 4 dəfə (2012, 2014, 2016, 2019) fəxri kürsünün 3-cü pilləsinə yüksələn komandamız 2022-ci ildə Avropa çempionu olub.

Paris Olimpiadasına lisenziyası olan Həsrət Cəfərov qitə birinciliyində çempion olmaqla yanaşı, həm də ikiqat Avropa qalibi titulunu qazandı. Buna qədər Rövşən Bayra­mov, Elçin Əliyev və Eldəniz Əzizli 2 dəfə qitə birinciliyi­nin qalibi olmuşdu. İndi güləşçi yalnız 3 qat Avropa çem­pionu Rafiq Hüseynovdan geri qalır. Digər 2 qızıl medalın sahibləri Nihat Məmmədli (60 kq) və Murad Məmmədov (63 kq) ilk dəfə Avropa çempionu adına layiq görülüblər. Nihat Məmmədli (60 kq) finalda moldovalı Viktor Çeba­nunu 8:3, Murad Məmmədov (63 kq) isə həlledici görüşdə ukraynalı Aleksandr Qruşini 2:1 hesabı ilə məğlub edərək ilk dəfə Avropa çempionu adına layiq görülüblər. Millinin baş məşqçisi Aleksandr Tarakanov qeyd edib ki, Bakıda keçiriləcək lisenziya turnirində “Paris-2024”ə vəsiqələr qa­zanmağa çalışacaqlar. 

***

Avropa çempionatında 10 çəkidən yalnız 5-də təmsil olunan qadın millimiz isə 2 qızıl, 1 bürünc medal qaza­nıb. 83 xalla komanda hesabında 4-cü yeri tutan yığma­mız medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. 

Komandanın lideri Mariya Stadnik (50 kq) 10-cu – yu­biley çempionluğunu qazanıb. Olimpiya Oyunlarının üçqat mükafatçısı Parisdə “qızıl”ı hədəfləyib. Digər qızıl medala Alyona Kolesnik (59 kq) sahib olub. 29 yaşlı güləşçi qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə yük­səlib. 3-cü medalı isə yığmamıza Elis Manolova (65 kq) qazandırıb. 

Avropa çempionatının son 3 günündə sərbəst güləş üzrə millimiz mübarizə aparıb. Komandamız nüfuzlu turnirdə 7 medal qazanıb. Belə ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medala sahib olublar. Sərbəst güləş üzrə millinin böyük məşqçisi Cəbrayıl Həsənov yarışda iştirak edən 10 güləşçimizdən 7-sinin fəxri kürsüyə qalxdığını bildirib.

Beləliklə, Azərbaycan millisi 16 medal qazanaraq Av­ropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.

Leyla SABİRQIZI
XQ

İdman