10 ildir ki, yerin görünür, Vüqar

post-img

Düz 10 il əvvəl, 2014-cü il yanvarın 11-də acı bir xəbər bütün şahmat aləmini dərindən sarsıtdı. Parlaq zəka sahibi, Azərbaycan milli komandasının ilk dəfə Avropa çempionu adı qazanmasında mühüm rol oynamış qrossmeyster Vüqar Qasım oğlu Həşimov istedadının çiçəkləndiyi bir vaxtda, cəmi 27 yaşında müa­licə olunduğu Almaniya klinikalarından birində vəfat etmişdi. Təkcə Azərbaycan xalqı üçün deyil, dünya şahmatı üçün ağır itki idi. Qədim və müdrik oyunda onun yüksək ustalığı daha gözəl gələcək vəd edirdi.

Planetin hər yerində V. Həşimovun adı şahmat pərəstişkarlarına yaxşı ta­nışdır. Həmvətənimiz təkcə ağır görüş­lərdə dəqiq gedişləri ilə yox, həm də sə­mimiyyəti, yüksək insani keyfiyyətləri ilə hamının rəğbətini qazanmışdı. Dəfələrlə dünya çempionu, ən məşhur qross­meysterlərin reytinq siyahısının zirvə­sində inamla irəliləməkdə davam edən norveçli Maqnus Karlsen başda olmaq­la bir-birindən mahir ustalar Vüqar və onun oyunu, istedadı haqqında olduqca xoş fikirlər söyləmişlər. Qüdrətli zəka sa­hibləri və şahmat pərəstişkarları parlaq ustalığı ilə onlara çoxlu fərəhli anlar ya­şatmış sevimlilərini heç vaxt unutmurlar.

Hər dəfə Vüqar Həşimov haqqında danışanda, onun şahmatda keçdiyi yolu, qələbələri xatırlayanda dərhal 2009-cu ilin payızında Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatı yada düşür. Qitənin ən yaxşı komanda­larının kəskin rəqabətində ən yüksək nəticəni məhz bizim heyət – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət Azərbaycan millisi göstərmişdi. 

Çempionatın sonuncu, doqquzuncu turunda yığmamız qızıl medalların tale­yini öz xeyrinə həll etmək üçün Hollandi­ya komandasına qalib gəlməli idi. Məm­mədyarov, Rəcəbov və Məmmədov öz görüşlərini heç-heçə başa çatdırdıqdan sonra bütün nəzərlər Həşimova dikilmiş­di. Əgər o, ikinci taxtada Daniel Stelva­genə qalib gəlməyi bacarsaydı, millimiz matçda 2,5:1,5 hesabı ilə qələbə qaza­nıb, fəxri kürsünün zirvəsində çempion­luğunu bayram edəcəkdi.

Belə də oldu! Həlledici görüşdə məhz Vüqarın qələbəsi sayəsində Azər­baycan komandası bütün rəqiblərini, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa və Maca­rıstanı geridə qoyub, respublikamızda bu növün bütün inkişaf tarixi ərzində ilk dəfə Avropa çempionu adını qazandı. Tarixə qızıl hərflərlə yazılan böyük zəfər, böyük xoşbəxtlik idi!

Şahmat mütəxəssisləri belə bir fikir söyləyirlər ki, mötəbər komanda yarışla­rında, Avropa və dünya çempionatların­da, Ümumdünya olimpiadalarında çem­pion olmaq üçün komandanın heyətində yüksək səviyyəli oyun nümayiş etdirən üç lider olmalıdır. O illərin Azərbaycan millisindəki Məmmədyarov–Rəcəbov–Həşimov kimi üçlük. Çox təəssüf ki, hə­yatın gözlənilməz gedişi hər şeyi alt-üst etdi.

Əvvəllər Vüqar haqqında yazıları­mızda Azərbaycan şahmatının üç mahir ustasını ötən əsrin yetmiş–səksəninci illərində futbolumuzun “qrossmeyster­ləri” olmuş Maşallah Əhmədov–İqor Ponomaryov–İsgəndər Cavadov üçlüyü ilə müqayisə etmişdik. Həqiqətən, hər iki üçlük öz komandasında əsas zərbə qüvvəsi idi.

Beləcə, illər ötür, şahmat dünyasın­da nəsillər dəyişir, bu oyunun ustaları müxtəlif səbəblərdən onunla vidalaşma­lı olurlar. Lakin xeyirxah şahmat aləmi onları unutmur. Bakı ilə yanaşı, Moskva, Pekin, Paris, İstanbul, Novi Sad, Roma, Varşava, Sofiya, Praqa və daha neçə-neçə şəhərdə böyük rəğbət qazanmış V. Həşimov da xatirələrdə əbədi yaşayır. O, təkcə Azərbaycan idmanında deyil, beynəlxalq şahmat dairələrində yüksək nüfuz sahibi idi.

Artıq səkkizinci ildir ki, Bakıda fəa­liyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyası da dünya şöhrətli həm­vətənimizin Azərbaycanda şahmatın in­kişafındakı xidmətlərinə verilən yüksək dəyərin təzahürüdür. Açılış mərasimi 2016-cı ildə olmuş akademiya, eləcə də, onun yerlərdəki filialları müxtəlif layihələr həyata keçirməklə respubli­kamızda zəngin ənənələri olan qədim oyunun daha da inkişafına öz töhfələrini verir. 

Görkəmli qrossmeysterin vəfatın­dan ötən 10 il ərzində ölkəmizdə onun xatirəsinə həsr edilən mötəbər bey­nəlxalq turnirlərin keçirilməsi, getdikcə bu görüşlərə marağın daha da artması, planetin məşhur zəka sahiblərinin Bakı, Şəmkir, Şuşa və ötən ilin sonlarında Qə­bələdə təşkil edilmiş turnirlərdə məmnu­niyyətlə iştirak etmələri Vüqar Həşimo­vun unudulmaz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsidir. 

Onu da xatırladaq ki, Qəbələdə keçirilmiş və hindistanlı Santoş Viditin qələbəsi ilə başa çatmış turnir xatirə yarışlarının tarixində sayca doqquzuncu olmuşdur. Əvvəlki səkkiz turnirdən isə dördündə Karlsen qalib gəlmiş, ikisin­də Məmmədyarov finişə birinci çatmış, daha ikisində Fabiano Karuana (ABŞ) və Nodirbek Abdusattarov (Özbəkistan) qələbə qazanmışlar.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman