MOK-un idman TV festivalında nominasiyalar artır

post-img

Yanvarın 10-da Milli Olimpiya Ko­mitəsində qurumun təsis etdiyi “İd­man Filmləri və Proqramları Milli Te­leviziya Festivalı” ilə bağlı münsiflər heyətinin təqdimatı və mətbuat konf­ransı keçirilib.

Tədbirdə əvvəlcə festivalın rəs­mi tanıtım çarxı təqdim olunub. Sonra festivalın münsiflər heyətinin üzvləri–Olimpiya çempionu, MOK-un vitse-pre­zidenti Zemfira Meftahətdinova (sədr), Azərbaycan Kinematoqrafçılar İtti­faqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, “Vətən” Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov, Əməkdar jurnalist Xanlar Məmmədov KİV nümayəndələrinə təqdim olunub.

Festivalın baş prodüsseri, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov layihənin ikin­ci dəfə həyata keçirildiyini deyib. Bildi­rib ki, əvvəlki festivala 70 layihə təqdim olunmuşdu və 4 nominasiya üzrə 40 layihə gündəliyə salınmışdı. Bu ildən festivala ictimai qurumlar və özəl şirkət­lər də maraq göstərir. İndiyədək artıq 15–20 layihə təqdim edilib. 5 nomina­siya üzrə keçiriləcək festivalda qaliblər “Oskar” sistemi ilə müəyyənləşəcək. İki nominasiya qadın idmançılara həsr edilib. Bunlar “Zərif qəhrəman”, uşaq və yeniyetmələrlə bağlı “Gələcəyin qaliblə­ri” nominasiyasıdır.

Zemfira Meftahətdinova layihənin ölkəmizdə idmanın inkişafına, Olimpi­ya Hərəkatının təbliğinə böyük töhfələr verəcəyini bildirib. O, qadın idmanına da budəfəki layihədə yer ayrılmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. 

Münsiflər heyətinin digər üzvləri Oleq Səfərəliyev, Ənvər Mansurov və Zəhra Quliyeva çıxış edərək festivalın uğurlu olacağına inandıqlarını bildiriblər. 

Mətbuat konfransından sonra jur­nalistlərə müsahibə verən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilk layihənin MOK-un 30 illik yubile­yinə həsr olunduğunu deyib. O bildi­rib ki, layihənin uğurlu alınması növ­bəti festivalların təşkili üçün şərait yaradıb: 

– Festival iki ildən bir təşkil ediləcək. Çünki qısa müddət ərzində çox material ərsəyə gətirmək çətindir. MOK hər za­man Olimpiya idman növlərinin inkişafı üçün çalışıb. Məqsəd bu sahədə təbli­ğatı daha da artırmaq, həmçinin tele­kanallar və federasiyaların bu işdə fəal iştirakı üçün motivasiya yaratmaqdır. 

Qeyd edək ki, layihə çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə ən yaxşı işlər seçilərək qaliblər müəyyən ediləcək. 

L.QURBANOVA
XQ

İdman