Ekvador mafiyası yeni prezidentə savaş açıb?

post-img

Ekvador mafiyası Prezident Daniel Noboanın elan etdiyi fövqəladə vəziyyətə eti­raz olaraq bütün ölkədə iğtişaşlar və toqquşmalar törədir. Narkokartelin qanqs­terləri canlı verilişlərin getdiyi televiziya kanalını ələ keçirərək, jurnalistləri və bir neçə polis əməkdaşını girov götürüblər. Ekvador həbsxanalarının bir çoxun­da da iğtişaşlar baş qaldırıb.

Ötən ilin oktyabrında Ekvadorda keçirilən prezident seçkilərində qalib gələn Daniel Noboa ölkəni bürüyən ci­nayətlər dalğasını cilovlamağa söz ver­mişdi. Vədini yerinə yetirmək üçün No­boa 2024-cü ilin ikinci həftəsi çərşənbə axşamı günü Ekvadorun 22 mafiya qrupunu “terror təşkilatları” adlandıra­raq, ölkəsinin daxili silahlı qarşıdurma içərisində olduğunu açıqlayıb. 

Cinayətkarlarla mübarizəni güclən­dirmək məqsədilə Noboa ölkə ərazisin­də 60 günlük fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət rejimi, xüsu­silə, polis və hərbçilərə geniş səlahiy­yətlər verir, ölkədə ictimai toplantıları qadağan edir və hər gün gecə 23:00-dan səhər 5:00-a qədər komendant saatı müəyyənləşdirir. Cinayətkarların açıq iğtişaşlara və zorakılıqlara əl at­masına səbəb də məhz fövqəladə və­ziyyətin elan edilməsi olub. 

Yanvarın 7-də mafioz qruplaşma­lardan birinin – “Los-Çoneros”un lideri “Fito” ləqəbli Adolfo Masias həbsxana­dan yoxa çıxıb. Onun harada gizlən­diyini ölkənin xüsusi xidmət orqanları müəyyənləşdirə bilmirlər. Hələ 2023-cü ilin avqustunda cinayətkar qruplaş­malar tərəfindən terrora məruz qalan Ekvador prezidentliyinə namizəd Fer­nando Vilyavisenso ölümündən əvvəl məhz “Fito”nun ölkə üçün təhlükə ola­cağını bildirmişdi. 

Ekvadordakı sosial media istifadə­çiləri çərşənbə axşamı küçələrdə silahlı quldurların zorakılıqlarının, yandırılan avtomobillərin və hətta partlayışların video və fotolarını yayımlayıblar. Baş verənlərdən aydın olur ki, zorakılıq­lar açıq-aydın hökuməti qorxutmaq məqsədi daşıyır. Bir çox yerlərdə on­lara qoşulanlar şəhərlərdə xaos yarat­maq üçün insanları silahla hədələyir və qarətlər törədirlər. Kito rayonunda qarət halları qeydə alındıqdan dərhal sonra paytaxtın mərkəzinə hərbi texnika yeri­dilib. Dünən səhər hava limanında təh­lükəsizlik tədbirləri gücləndirilib. Ölkə­nin bütün təhsil müəssisələri distant təhsilə keçib.

Yanvarın 9-da Quayakiledəki “TC Televisin” telekanalının studiyasına si­lahlı şəxslər hücum edərək canlı efirdə aparıcıları və texniki heyəti girov götü­rüblər. Bir müddət sonra hücum edən­ləri həbs etmək və girovları azad etmək mümkün olub.

Dünən günün birinci yarısına olan məlumata görə, quldur dəstələri altı­ya yaxın həbsxanada ən azından 139 mühafizəçini və əməkdaşı girov sax­layıblar. Yanvarın 10-da bəlli olub ki, “Los-Lobos” mafiyasının başçısı Fabri­sio Kolon Piko da 39 məhbusla birlikdə Riobamba şəhərindəki həbsxanadan qaçıb. “Los-Lobos” qruplaşması prezi­dentliyə namizəd Fernando Vilyavisen­sonun qətlini öz üzərinə götürüb. 

Bütün bunlara baxmayaraq, prezi­dent Noboa bəyan edib ki, “terrorçular­la heç bir danışıqlara getməyəcək” və “ekvadorluların əmin-amanlığı təmin olunmayana qədər sakitləşməyəcək”. Dövlət başçısı fərmanında Ekvadorda­kı cinayətkar dəstələrin məhv edilmə­sinə əmr verib. 

Bundan sonra Ekvadorun Silahlı Qüvvələri cinayətkar dəstələri qanuni hərbi hədəf elan edib, ölkə parlamenti isə güc strukturlarının əməkdaşlarına səlahiyyətlərini aşmalarına görə amnis­tiya verəcəyini bildirib. 

Ekvadorda baş verənlərə ilk re­aksiya Latın Amerikası ölkələrindən gəlib. Perunun daxili işlər naziri Viktor Torres Falkon göstəriş verib ki, dərhal Ekvadorla sərhədə əlavə polis qüvvələ­ri göndərilsin ki, qonşu ölkədə mafioz qruplaşmaların törətdikləri cinayətkar­lar Peruya adlamasın. 

Bununla yanaşı, Peru hökuməti baş verən zorakılıqları qətiyyətlə pisləyib və Prezident Noboanı tam dəstəklədi­yini bəyan edib. Paraqvay hökuməti də Ekvador hökuməti ilə həmrəy olduğunu rəsmən açıqlayıb. Argentina Ekvadorun güc strukturlarına kömək göndərməyə hazır olduğunu bildirib. Boliviyanın pre­zidenti narkoticarətlə mübaziə üçün səyləri birləşdirməyə çağırıb. Braziliya vəziyyətdən narahat olduğunu bildirib. 

Sual oluna bilər ki, 15–20 il əvvəl əmin-amanlığın hökm sürdüyü Ek­vadorda zorakılığın və cinayətkarlı­ğın baş qaldırmasına səbəb nədir? 

Ekvador uzun müddət iki böyük kokain istehsalçısı olan və müvafiq problemlər yaşayan Kolumbiya və Peru arasında yerləşən nisbətən sakit bir məkan olub. Amma son illərdə bu ölkə­də də həm özlərinin, həm də Kolumbi­ya, Peru və alban narkomafiya qrupları güclənməyə başlayıb.

Ekvadorda qətllərin sayı 2018–2022-ci illər arasında dörd dəfə artıb. 2022-ci ildə 17 milyonluq ölkədə 7800 adam öldürülüb. Həmin il polis rekord həddə – 220 ton narkotik maddə ələ keçirib. Ölkənin həbsxanalarındakı qanlı döyüşlər ayrıca problemə çevrilib: 2021-ci ilin fevralından bəri 460-dan çox məhbus öldürülüb.

Britaniyanın “Financial Times” qəze­tinin qeyd etdiyi kimi, mafiya Ekvadorda 2007–2017-ci illərdə hakimiyyətdə olan solçu prezident Rafael Korreanın döv­ründə çiçəklənməyə başlayıb. Onun rəhbərliyi altında hakimiyyət Sakit Oke­andakı Ekvador limanları vasitəsilə nar­kotika ticarətinə göz yumaraq, ölkədə, əsasən, daha az ağır cinayətlərin olma­sını təmin etməklə məşğul olmuşdur. Lakin narkotik qaçaqmalçılığın ardınca ölkədə quldurluq əl-qol açmağa baş­ladı və Korreanın varisləri artıq bunun öhdəsindən gələ bilmədilər. Nəticə göz qabağındadır.

Hazırladı:
İLQAR
XQ

Dünya