Xankəndi təntənəsi: unudulmaz təəssüratlar

post-img

Azərbaycan idmanında xoş ənənə formalaşıb. Hər il idmanın inkişafında xidmətləri olan ictimaiyyət nümayən­dələrinin bir qrupu təltif edilir. 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasim xüsusilə tarixi ha­disə ilə əlamətdar olub. 

Dekabrın 21-də Xankəndi stadionun­da Prezident İlham Əliyevin 2023-cü ilin idman yekunları ilə bağlı mərasimdə id­mançılarla görüşü idman ictimaiyyətini, xalqımızı qürurlandırdı. Dövlətimizin baş­çısının “Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildir­mək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır”, – fikirləri idmançı­larımızın nailiyyətlərinə verilən çox böyük dəyərdir. 

İdmançılarla ənənəvi görüşün Xankəndidə, özü də uzun illərdən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə keçirilən tarixi futbol yarışı zamanı təşkil edilməsi mühüm əhəmiyyət daşımaq­la yanaşı, həm də dərin mənası var. Bu böyük hadisə nəinki xalqımız, dövlətimiz, həmçinin dünya tarixində əbədi qalacaq, yaddaşlara həkk olunacaq. 

Azərbaycan Respublikası Prezi­dentinin fərdi təqaüdünə layiq görülən Eldəniz Əzizli “Xalq qəzeti”nə ali mü­kafatın məhz Xankəndidə təqdim edil­məsinin onda unudulmaz təəssüratlar yaratdığını dedi: 

– Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub və bu diqqət, qayğı bizim üçün böyük stimul­dur. Dövlətimizin başçısının idmançı­larla məhz Xankəndidə, işğaldan azad olunmuş dədə-baba torpaqlarımızda ilk futbol yarışında görüşü çox gözəl moti­vasiya oldu. Güləş karyeramda mənə ən ali mükafat qədim yurdumuz Xankəndidə təqdim edildi. 

Vətənimizin gözəl diyarı – Xankən­dini bu gün azad görmək qürurverici­dir. Bu böyük şərəfi, qüruru bizə yaşa­dan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza, şəhidlərimizə borcluyuq. Bundan sonra daha səylə ça­lışıb, ölkəmizi layiqincə təmsil etməliyik. Azərbaycanın adını ucaltmaq hər birimi­zin ən ümdə vəzifəsidir.

Bu il dünya çempionatının qali­bi olmaqla müstəqillik tarixində yu­nan-Roma güləşi üzrə ilk dəfə üçqat dünya çempionu titulunu qazanan Eldəniz Əzizli sonra 2023-cü ilin onun üçün çox uğurlu keçdiyini bildirdi: 

– Bu ilin birinci yarısında istədiyim nəticələri əldə edə bilmədim. Düzdür, Avropa çempionatında gümüş medal qazandım. Amma yarışa çempion olmaq üçün getmişdim. İlin ikinci yarısında dün­ya çempionatında qalib olmağı qarşıya məqsəd qoymuşdum. Yunan-Roma gülə­şi üzrə müstəqil Azərbaycanın ilk üçqat dünya çempionu adına layiq görülməyim yeni bir rekorddur. 

“Tərəqqi” medalı ilə təltif edilən Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov:

– 2023-cü il Azərbaycan idmanı üçün çox uğurlu keçdi. Bu il ərzində böyük yarışlar keçirdik. “Heydər Əliyev İli”, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi, eləcə də, Azərbaycan atletikasının 1 əsr­lik tarixi ilə əlaqədar tədbirlər təşkil edildi. Atletikanın inkişafı istiqamətində Azər­baycan Atletika Federasiyası tərəfindən məqsədyönlü işlər görülür və bu, öz bəh­rəsini verir.

Kamal Əhmədov ilin idman yekun­ları ilə bağlı mərasimin Xankəndidə, tarixi futbol oyunu zamanı təşkilinin idman ictimaiyyəti üçün böyük şərəf olduğunu bildirdi: 

– Dekabrın 21-də dünyanın harasın­da yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ürəyinin döyündüyü Xankəndi stadionunda – “Qarabağ”–MOİK tarixi matçı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin idmançılarla görüşməsi, mükafatların təqdim edilmə­si bizim üçün böyük şərəf idi. Bu gün qalib ölkənin qalib vətəndaşı olmaqdan hər birimiz böyük qürur hissi keçiririk. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin vüsəti heyrət doğurur. Ali Baş Komandan İlham Əliyevin qətiy­yəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, qəhrə­man əsgərlərimizin canı-qanı bahasına qazandığımız böyük Zəfərlə hər birimiz fəxr edirik. İdmançılarımız beynəlxalq arenalarda Azərbaycanı yüksək səviyyə­də təmsil etmək, daha uca zirvələr fəth etmək üçün bundan sonra daha əzmlə mübarizə aparacaqlar. 

Leyla QURBANOVA
XQ



İdman