“İstisu” həm məlhəmdir, həm də cənnətmisal məkan

post-img

Kəlbəcər tezliklə ölkə turizminin qaynar ünvanı olacaq

Kəlbəcər rayonunun ərazisi müxtə­lif təbiət abidələri, rəngarəng bitki və heyvan aləmi, yeraltı və yerüstü sər­vətləri ilə zəngindir. Relyefinə görə ərazisi dağlar, vadi və düzənliklərdən ibarətdir. Rayonda dünya əhəmiyyət­li memarlıq və arxeoloji abidələr var. Bundan başqa, komfort iqlim, mineral sular insanların müalicə və istirahəti­nin səmərəli keçməsinə imkan yaradır. Bunlar ən maraqlı turizm xidmətlərinin qurulmasına, rekreasiya zonalarının yaradılmasına imkan verir. 

Kəlbəcər rayonunda 5 yerdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulur. Dövlət Turizm Agentli­yinin regional turizm və mədəni irs şö­bəsinin müdiri Elgün Cavadov mediaya açıqlamasında bildirib ki, həmin zonalar Vəng, İstisu, Zülfüqarlı, Sultan-Hey­dər və Dəmirçidam adlı ərazilərdə təş­kil ediləcək. Həmin ərazilərin zəngin turizm potensialını təqdim etməklə bir sıra layihələr həyata keçirləcək. Müasir tələblərə cavab verən turizm infrastruk­turu qurulacaq. Turizm sektorunun inki­şafı bu bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəlməsinə müsbət təsir göstərəcək, Kəlbəcərin iqtisadi dirçəlmə­sinə töhfə verəcək.

Yuxarıda qeyd edildiyi kimi, rekresi­ya zonalarından birinin İstisu ərazisində yaradılması nəzərdə tutulur. Bu ərazi mi­neral su mənbələri ilə zəngindir. Yuxarı və Aşağı İstisu bulaqları müalicəvi əhə­miyyətə malikdir. Tərkibinin zənginliyinə görə, Çexiyanın məşhur Karlovı Varı mi­neral suyundan üstündür. 

1990-cı illərədək burada “İstisu” kurort-müalicə sanatoriyası fəaliyyət göstərib. Hər il burada 50 min nəfər mədə-bağırsaq, sinir sistemi, ginekolo­ji, uroloji və s. xəstəliklərə görə müalicə olunub. Mineral bulaqların suyundan alı­nan duzlar xroniki qəbizlik, qastrit kimi xəstəliklərin müalicəsində də işlədilib. Hətta orada mineral sudoldurma zavodu da fəaliyyət göstərib.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, “Yuxarı İstisu” yatağında gündəlik mineral su hasilatı 867 kubmetr, “Aşağı İstisu” yatağında isə 748 kubmetrdir. Er­mənistan silahlı qüvvələrinin işğalı döv­ründə həmin yataqların infrastrukturu tamamilə dağıdılıb, istifadəyəyə yararsız vəziyyətə salınıb. 

Artıq o dövr arxada qalıb. Kəlbə­cər rayonu 3 ildir ki, düşmən işğalından azad edilib. Hazırda rayon ərazisində təmir-bərpa işləri həyata keçirilir, yollar, tunellər çəkilir, su elektrik stansiyaları is­tifadəyə verilir. Bunlarla bərabər, məşhur “İstisu” sanatoriyasının yenidən qurul­ması da nəzərdə tutulur. Gələcəkdə hə­min müəssisənin istifadəyə verilməsi ilə sağlamlıq turizmi yeni mərhələyə qədəm qoyacaq. Bu, orada yaşayan əhalinin işlə təmin olunmasına, eyni zamanda, rayon iqtisadiyyatına böyük töhfə verəcək. 

“Yuxarı İstisu”, “Aşağı İstisu” yataq­larından istifadə olunmaqla mineral su istehsalının təşkili də həyata keçiriləcək. Burada suyun yenidən qablaşdırılaraq respublikanın bütün bölgələrinə və xarici ölkələrə ixrac etməklə Azərbaycan hər il milyonlarla valyuta əldə edə biləcək. La­yihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilməsi nəzərdə tutulub. “İstisu” sanatoriyasının yenidən qurulması ilə Azərbaycanda sağlamlıq turizm bazarının hərəkətə gətiriləcəyi gözlənilir. Bu isə insanlarda regiona ma­rağı daha da artıracaq. 

Qeyd edək ki, adları çəkilən yataqla­rın potensial ehtiyatı, yerləşdikləri ərazi­nin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması ilə yanaşı, turizm sektorunun digər sahələrinin də inkişafına təkan verəcək. İlk növbədə İs­tisu ərazisində qış turizmi üçün əlverişli iqlim şəraiti var. Üstəlik, burada müalicəvi əhəmiyyətli bitkilər çoxdur. Sakinlər hə­min bitkiləri yığıb turistlərə rahatlıqla sata biləcəklər. Bu isə həm də onların sosial rifahının daha da yaxşılaşmasına şərait yaradacaq. 

İstisuda turizm marşrutlarının təşkili də mümkündür. O cümlədən ekoturizm, dağa dırmanma, piyada turizm marşrut­ları kimi böyük potensialı var. Bunlar sa­hibkarlıq subyektlərinin, istehsal, xidmət, tədarük sahələrinin fəaliyyətini güçlən­dirəcək, yerli sakinlərin qayıdışını sürət­ləndirəcək. Artıq bu prosesə başlanıb. Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür. 

Şübhəsiz ki, yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra İstisu Azərbaycan turizmində öz yeri ilə seçilə­cək, nəinki regionda, həm də dünyada tanınacaq, bölgənin cəlbedici turizm is­tiqamətlərindən birinə çevriləcək. 

Pünhan ƏFƏNDİYEV
XQ





Sosial həyat