Azərbaycan şahmatçıları ili uğurla başa vururlar

post-img

Dünya çempionatında yeni qələbələr gözləyirik

Dekabrın 18-də 2023-cü ilin şahmat yekunları ilə bağlı tədbir, həmçinin dünya və Avropa çempionatlarında yer tutan şahmatçıların mükafatlandırma mərasimi keçirilib. 

Tədbirdə əvvəlcə şahmatçıların builki nailiyyətlərinə dair videoçarx nümayiş et­dirilib. Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasi­yasının (AŞF) prezidenti Mahir Məmmədov, I vitse-prezidenti Faiq Həsənov 2023-cü ildə idmançılarımızın əldə etdikləri uğurlardan danışıblar, mükafat qazanan şahmatçıları təb­rik ediblər. 

Sonra Azərbaycan şahmatçıları Səadət Bəşirli, Xəzər Babazadə, Read Səmədov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, Xaqan Əhməd, Rüstəm Rüstəmov, Ayan Al­lahverdiyeva, Məhəmməd Muradlı və onların məşqçiləri mükafatlandırılıblar. Bu il Avropa çempionatında gümüş medal qazanan Göv­hər Beydullayeva, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədovaya təşəkkürnamə təqdim edilib. 

Qadın şahmatçımız Günay Məmmədzadə və kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov 2023-cü ilin şahmatçılarımız üçün uğurlu keçdiyini, bu nailiyyətlərin davamını növbəti illərdə gətirəcəklərinə inandıqlarını bildiriblər. 

Tədbirdən sonra jurnalistlərə açıq­lama verən nazir Fərid Qayıbov bu il Azərbaycan idmanında yeni adların kəşf olunduğunu, yeniyetmə və gənclərimizin dünya, eləcə də Avropa çempionatlarında uğurlu çıxış etdiklərini bildirdi: 

– Bu il şahmatda nailiyyətlərimiz çox oldu. Hər birimiz bu uğurlara görə sevinirik. Nüfuzlu yarışların Azərbaycanda keçirilməsi təqdirəlayiq haldır. Şahmat üzrə Dünya Ku­boku yarışı ölkəmizdə təşkil olundu. Maraq­lı mübarizə şəraitində keçən turnirə azarkeş marağı böyük idi. 

Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu dedi: –Azər­baycanda bu il çoxsaylı yarışlar keçirildi ki, onların da əksəriyyəti beynəlxalq turnirlər idi. Bu il yalnız Bakıda deyil, regionlarımız­da da bir sıra turnirlər təşkil olundu. İdman­çılarımız həm Avropa, həm də dünya çempi­onatından medallarla qayıtdılar. 

Nazirin sözlərinə görə, qazanılan uğurlar ölkə rəhbərliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə səylərinin nəticəsidir: 

– Dövlətin dəstəyi olmadan bu nəticələ­ri qazanmaq olmazdı. Ölkəmizdə şahmata göstərilən diqqət və qayğı idmançılarımızın nailiyyətlərində əsas amildir.

AŞF-nin prezidenti Mahir Məmmədov bu il Azərbaycanda keçirilən yarışların, əsasən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olduğunu bildirdi. O qeyd etdi ki, Gənclər və İdman Nazirliyi ilə birlikdə silsilə yarışlar təşkil edilib. Mayın 10-da Dənizkə­narı Milli Parkda məşhur şahmatçılarımız 86 lövhədə eyni vaxtda oyun seansı keçirdilər. Daha sonra ölkəmizdə beynəlxalq şahmat festivalı, Dünya Kuboku yarışı təşkil edildi və bu turnirlərdə idmançılarımız yaxşı çıxış etdilər. Nicat Abbasov Dünya Kuboku yarı­şının yarımfinalına kimi irəliləməyi bacardı.

Qurum rəsmisi diqqətə çatdırdı ki, bu il dünya və Avropa çempionatlarında təm­silçilərimiz uğurla çıxış ediblər:

–Yeniyetmə idmançılarımız Rumıniya­nın Mamaya şəhərində keçirilmiş turnirdən 4-ü qızıl olmaqla 7 medal qazanıblar. Ayan Allahverdiyeva 18 yaşlıların dünya birincili­yinin qalibi olub, Xaqan Əhməd isə bürünc medal əldə edib. İtaliyanın Sardinya adasında rapid və blits üzrə 20 yaşlıların dünya çem­pionatında Gövhər Beydullayeva və Məhəm­məd Muradlı qızıl medal qazanıblar. Gövhər blits üzrə bürünc mükafata layiq görülüb. Monteneqronun Budva şəhərində komanda­lar arasında keçirilən Avropa çempionatında turnirdə favorit sayılan kişilərdən ibarət yığ­ma uğurla çıxış edə bilmədi. Qadın koman­damız isə gümüş medal qazanmaqla tarixi nəticəyə imza atıblar. 

Mahir Məmmədov Azərbaycanda yeni nəsil şahmatçılarının yetişdiyini bildirdi. O, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli, Abdulla Qədimbəyli, Xəqan Əhməd və Riad Səmədov kimi istedadlı şah­matçıların yetişdiyini bildirdi. 

AŞF-nin I vitse-prezidenti Faiq Həsə­nov Azərbaycanda şahmat sahəsində can­lanmanın müşahidə olunduğunu dedi. O qeyd etdi ki, Azərbaycan şahmat ölkəsidir:

– Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi elə ilk vaxt­lardan – ötən əsrin yetmişinci illərindən idmanın, o cümlədən, şahmatın inkişafına hərtərəfli köməyi sayəsində Azərbaycanın hər yerində şahmat məktəbləri açıldı. Artıq elə bir rayonumuz yoxdur ki, oradan yaxşı şahmatçı çıxmasın. Azərbaycan Prezidenti İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız böyük nailiyyətlər əldə edirlər. Uzun zamandır ki, Azərbaycan şahmatında belə canlanma gör­məmişdim. Builki uğurlar xüsusilə diqqətə­layiqdir.

Onu da qeyd edək ki, şahmatçılarımızın builki mübarizəsi hələ başa çatmayıb. Belə ki, bu ilin son həftəsində dünyanın şahmat elitasının tam tərkibdə iştirak edəcəyi rapid və blits üzrə dünya çempionatına komanda­mız 15 şahmatçı ilə qatılacaq. Özbəkistanın Səmərqənd şəhərində qadınlar və kişilər ara­sında təşkil ediləcək bu nüfuzlu yarışda ko­mandamızdan yeni qələbələr gözləyirik. 

Leyla QURBANOVA
XQ



İdman