Çempionlar Liqası tarixində 10 mininci qolu vurmaq “Sevilya”nın müdafiəçisi Serxio Ramosa nəsib olub. 37 yaşlı ispaniyalı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun PSV ilə ev oyununda (2:3) 24-cü dəqiqədə hesabı açıb. Onun qolu 1992-ci ildən başlayan turnirin müasir tarixində 10 000-ci qol olub.
Bu, Ramosun Çempionlar Liqasının yubiley topunu ilk dəfə vurması deyil. İspan futbolçu 2013-cü ildə “Real”da oynayarkən “Mançester Yunayted”lə qarşılaşmada (1:2) avtoqol vuraraq, turnir tarixində 6000-ci qolu vurub.
Maraqlıdır ki, Çempionlar Liqası tarixində 1000-ci qolu 1998-ci ildə həmin vaxt PSV-də çıxış edən rusiyalı yarımmüdafiəçi Dmitri Xoxlov vurub.
XQ

