Paytaxtımızın bir çox böyük küçə və meydanlarında artıq rəngbərəng və göz oxşayan oyuncaqlarla bəzədilmiş bayram yolkaları qurulub. Beləcə, elimizə, obamıza təzə il gəlir...
Hər birimiz Yeni ilin gəlişini səbirsizliklə gözləyirik. Növbəti ildə arzu və diləklərimizin gerçəkləşəcəyinə inamımız, qəlbimizdəki ümid və sevgilərimiz artır. Düşüncələrimizə bayram əhval-ruhiyyəsi hakim kəsilir.
Bakı sakinləri Yeni ili qarşılamağa hazırlaşırlar. Şəhərin ən gur yerlərindən olan “Fəvvarələr meydanı”nda dünən bayram ab-havasının yaşandığını gördük. Körpə uşaqları ilə buraya gəzməyə gələn gənc valideynlər, tələbələr, yaşlılar, bir sözlə hər kəs meydanda təşkil olunan xeyriyyə yarmarkasının açılışını gözləyir, xatirə şəkilləri çəkdirirdilər.
Hamı Yeni il yolkasına xüsusi həvəslə baxırdı. İnsanların üzündəki maraq və sevinci duyub onların bir neçəsinə yaxınlaşdıq və Yeni ilə necə hazırlaşdıqlarını soruşduq.
Alya Fərzullayeva, tələbə:
– Yeni ili çox sevirəm. Bayram yolkası xüsusilə gözəldir. Hər il olduğu kimi, bu ildə də burada maraqlı tədbirlərin təşkil olunacağına ümid bəsləyirəm.
Burada paytaxt sakinləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən Bakıya gələn qonaqlar da var idi.
Mehmet Önər adlı türkiyəli turist dedi:
– Biz Bakının gözəlliyinə vurğunuq. Yolkalar şəhərin bayram əhvalını daha da artırıb. Burada Yeni il, adətən, daha fərqli və əyləncəli keçir.
Fidan HÜQUQQIZI,
Elşən AĞALAR, (foto)
XQ

