Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında Azərbaycan şahmatçıları medallar uğrunda mübarizəni davam etdirirlər.
Budəfəki qitə çempionatında qadın millimizin uğurlarını xüsusi qeyd etməyə dəyər. İlk turda Sloveniya komandasını 2,5:1,5, Niderland yığmasını eyni hesabla məğlub edən millimiz sonrakı görüşlərdə də inamlı çıxışını davam etdirib. Şahmatçılarımız 3-cü turda güclü komandalardan biri olan Polşa yığması üzərində 3:1 hesablı qələbəyə seviniblər. Turnir cədvəlinin lideri olan Fransa kollektivi ilə növbəti turda nümayiş etdirilən bərabər oyun da yığmamızın güclü potensialını göstərir. Çempionatın reytinq favoritlərindən olan Almaniya komandası isə V turda şahmatçılarımızın qarşısında duruş gətirməyib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədovanın məğlub olmadığı bu görüşdə birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi yenməsi Azərbaycan komandasına 2,5-1,5 hesablı qələbə qazandırıb. Həmin gün kişilərdən ibarət yığmamızın ev sahibi Çernoqoriyanı 3:1 hesabı ilə üstələməsi sayəsində xallarını 6-ya çatdıran komandamız isə turnir cədvəlində mövqeyini xeyli yaxşılaşdırıb.
Ötən 5 turda qızlarımızın yüksək səviyyədə çıxış etdiklərini vurğulayan məşqçi Fikrət Sideifzadə “XQ”yə açıqlamasında komandamızdan medal gözlədiklərini bildirdi:
– Şahmatçılarımız öz güclərindən maksimum istifadə edirlər. Düzdür, Rusiya komandasının yarışda iştirak etməməsi nəticələrə təsir edir. Həmçinin Hindistan, Çin şahmatçıları da dünyanın ən güclülərindən sayılır. Amma Avropa çempionatı da kifayət qədər nüfuzlu yarışdır və bu turnirdə medal qazanmaq ciddi səy tələb edir. Komandamızın çempionata hazırlığı istiqamətində kifayət qədər işlər görülüb. Düşünürəm ki, böyük şanslarımız var. Komandamız bu imkanlardan yararlana və medal qazan bilər.
Uzun illər qadınlardan ibarət yığmanın kapitanı olmuş Zeynəb Məmmədyarova da qadın komandamızın güclü potensialı olduğunu dedi:
– Görüşləri böyük həyəcanla izləyirəm. Hesab edirəm ki, komandamız hazırda ən yaxşı heyətə malikdir. Onların komanda şəklində yüksək göstəricilər əldə etmələri təqdirəlayiqdir. Millinin heyətində olduğum əvvəlki illərdə indikindən qat-qat zəif, reytinqi aşağı olan komandalarla medallar uğrunda mübarizə aparırdıq. İndi şahmatçılarımız qitənin ən güclülərinə qarşı inamlı oyun sərgiləyirlər. Bu, vətənpərvərlik, komandada birlik sayəsində mümkün olub. Yığmamız Avropanın ən iddialı komandasıdır. Son iki Avropa çempionatının bürünc mükafatçısı olan komandamızın daha yüksək nəticələr qazanacağına inanıram.
Turlar bir-birini əvəz etdikcə mübarizə də gərginləşir. Dünən – VI turda qızlarımızın rəqibi məhz qızıl uğrunda mübarizədən qopmamağa çalışan Bolqarıstan kollektivi olub. Kişi şahmatçılarımız isə Yunanıstan komandası ilə mübarizə aparıblar.
Leyla QURBANOVA
XQ