Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları arasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə çempionat təşkil edilib.
FHN-in İdman-sağlamlıq klubu və işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilən yarışda 15 komandadan 150-yə yaxın idmançı mübarizə aparıb.
Gərgin rəqabət şəraitində keçən turnirin həlledici mərhələsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin kollektivini məğlub edərək qalib adını qazanıb. Mülki Müdafiə qoşunlarının komandası isə 3-cü yer uğrunda keçirilən qarşılaşmada bürünc medala yiyələnib.
Qaliblərə kubok, medal, diplom və sertifikatlar təqdim edilib.
Leyla SABİRQIZI
XQ