Bu tarixi qol 1978-ci il oktyabrın 15-də Bakıda qeydə alınmışdır. Həmin gün “Neftçi” Respublika stadionunda 41-ci SSRİ çempionatı görüşündə Dnepropetrovskın “Dnepr” komandasını qəbul etmiş və böyük hesabla qələbə qazanmışdır (4:1). Oyunun qəhrəmanı isə əfsanəvi hücumçumuz Anatoli Banişevski olmuşdur.
İndiki kimi, onda da mülayim payız axşamı idi. Almaatalı (Qazaxıstan Respublikasının paytaxtı əvvəllər Alma-Ata adlanırdı – O.B.) hakim Mixail Çerdantsevin idarə etdiyi görüşdə bakılılardan topların ikisini İsgəndər Cavadov və Səmədağa Şıxlarov vurdular, daha iki qola isə Banişevskinin zərbələrindən sonra sevindik. Beləliklə də, Anatoli Sovet İttifaqı çempionatının güclülər dəstəsində və ölkə kuboku yarışlarında vurduğu qolların sayını 100-ə çatdırıb, ən sərrast hücumçuların “Qriqori Fedotov klubu”na üzv oldu.
“Neftçi” öz liderinin 99-cu və 100-cü qolları ilə əlamətdar olan görüşdə belə heyətdə çıxış etdi: Sergey Kramarenko, Vaqif İbrahimov, Asim Xudiyev, Rəşid Özbəyov (Arif Orucov), Valeri Oqerçuk (A.Banişevski), Tofiq Abbasov, S.Şıxlarov, Əbdülqəni Nurməmmədov, İqor Ponomaryov, Səməd Qurbanov, İ.Cavadov.
Dnepropetrovsk klubu ilə görüş bir də onunla yadda qalmışdır ki, Banişevski yaşıl meydanlarda çıxışlarını başa vurduqdan sonra komandamızın hücum xəttinin liderinə çevrilən Cavadov məhz həmin oyunda ölkə çempionatlarında ilk qolunun sevincini yaşamışdı.
“Dnepr”lə qarşılaşmadan 12 gün sonra, oktyabrın 27-də yenə həmin stadionda Kiyevin ”Dinamo” komandası ilə keçirilən oyun isə Anatoli Banişevskinin SSRİ çempionatlarında vida matçı oldu. Moskvalı hakim Valeri Baskakov oyunun başa çatdığını bildirən kimi komanda yoldaşları, rəqib futbolçular, tamaşaçılar bu nadir futbol istedadını meydandan alqışlarla, gül-çiçəklə yola saldılar.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist