Mingəçevirdə yeni qadın həndbol klubu yaradılıb

post-img

Növbəti mövsüm qadın həndbolu üzrə Azərbaycan çempionatında yeni komanda çıxış edəcək.

“XQ”-nin əldə etdiyi məlumata görə, bu, “Kür” komandasıdır. Komandadan bildirilib ki, “Kür” çempionatda Azərbaycanın 4-cü böyük sənaye şəhəri olan Mingəçeviri təmsil edəcək. “Kür” idman klubunu rusiyalı əməkdar məşqçi, Rusiya millisinin sabiq böyük məşqçisi Viktor Ryabıx çalışdıracaq. 63 yaşlı məşqçiyə ötən mövsüm “Azəryol”da çalışmış Fuad Yangildin köməklik edəcək. 

Bundan başqa, komanda 15 həndbolçu ilə müqavilə imzalayıb. Onların arasında xorvatiyalı Anamaria Quqiç, nigeriyalı Çaynmerem Qreys Ahamefula, monteneqrolu Militsa Stamatoviç və daha əvvəl Mingəçevirin “Nur” komandasında çıxış etmiş rusiyalı Alla Çernışkova var.

Qeyd edək ki, əvəllər Mingəçevirdə “Nur” komandası fəaliyyət göstərib. Bu komanda 2016-2017-ci illər mövsümündə Azərbaycan çempionu olsa da, 2018-ci ildə fəaliyyətini dayandırıb. Səbəb isə federasiya ilə klub arasındakı anlaşılmazlıq olub. Belə ki, 2018-2019 mövsümündə yerli klublarda legionerlərin çıxışı ilə bağlı limit tətbiq edilib.  “Nur”un tərkibi bütünlüklə legionerlərdən ibarət olduğundan federasiya tərəfindən çempionatdan kənarlaşdırılıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman