“Bakı Atıcılıq Mərkəzi möhtəşəmdir”

post-img

Atıcılıq üzrə dünya çempionatı davam edir. Dünən kişilər arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma yarışında qalib və mükafatçılar müəyyənləşib. Bütün rəqibləri geridə qoyan çexiyalı Pyotr Nimburski 626.5 xal toplayaraq qızıl medala sahib olub. Gümüş medala 625.2 xalla Çindən olan atlet Du Linşu yiyələnib. Bürünc medala isə 625 xalla İsveçrəni təmsil edən Yan Loxbihler sahib olub. 

Komanda yarışında isə Norveç birin­ci, Almaniya ikinci, Çin üçüncü olub.

Yarış kişilər arasında 25 metr mə­safəyə tapançadan cəld atəş növündə davam edib.

40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu ye­niləyərək qızıl medala sahib olub. Gümüş medala fransalı atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. Bü­rünc medalı isə Almaniyanı təmsil edən Florian Peter qazanıb (24 dəqiq atış).

Komanda yarışında isə Çin birinci, Al­maniya ikinci, Koreya üçüncü olub.

Dünya çempionatının finalı yüksəl­miş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə Paris Yay Olimpiya Oyunlarına iştirak üçün li­senziya qazandırıblar.

Bu nüfuzlu yarışda mükafat qazan­mağa nail olan qalib və mükafatçılar yarış təəssüratlarını jurnalistlərlə bölüşüblər. 

Pyotr Nimburski bildirib ki, karyera­sında ilk dəfə dünya çempionu titulunu qazanıb: “Gərgin, həm də maraqlı müba­rizə şəraitində keçən yarış mənim üçün çox uğurlu oldu. Qızıl medal qazandım. Öz uğuruma sevinsəm də, komandama görə təəssüfləndim. Biz üçüncü yerdəki Çin komandasından 0,1 xal geri qaldıq. Buna görə məyus oldum”.

İdmançı Bakı Atıcılıq Mərkəzində yaradılan şəraiti xüsusilə vurğulayıb: “İdmançıların öz potensiallarını üzə çıxarmasında yaradılan şərait mühüm rol oynayır. Artıq 3-cü dəfədir ki, Bakıda yarışlarda iştirak edirəm. Bakı Atıcılıq Mərkəzi möhtəşəmdir. Atış poliqonlarını bəyənirəm. Bu cür müasir və yüksək şə­raitli mərkəzlər çox xoşuma gəlir”.

Yarışda qızıl medal qazanan Çinin 19 yaşlı təmsilçisi Qiongyu Janq da pay­taxtımızdakı qələbənin karyerasında bir ilk olduğunu vurğulayıb. O qeyd edib ki, dünya çempionatında ilk dəfə qızıl medal qazanmaqla yanaşı, Olimpiadaya da ilk dəfə lisenziya əldə edib. İstedadlı atıcı Azərbaycana gəldiyinə görə şad oldu­ğunu bildirib: “Azərbaycanı çox sevdim. İnsanları mehriban və qonaqpərvərdirlər. Bunu mütləq qeyd etməliyəm. Atıcılıq Mərkəzi çox gözəldir. Burada yaradılan şərait, xüsusilə də yaşıllıq zonalarının çox olması atletlərin əhvalına müsbət tə­sir edir”.

Sentyabrın 1-dək davam edəcək çem­pionatda planetin ən güclü nişançıları mü­kafatlar uğrunda mübarizədə ciddi səylər nümayiş etdirirlər. Möhtəşəm Bakı Atıcılıq Mərkəzi isə ən dəqiq nişançıların öz po­tensiallarını nümayiş etdirməsi üçün ideal məkanlardan biridir. Bunu yarış iştirakçıla­rı özləri də dönə-dönə etiraf edirlər. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman