Azərbaycan Nicat Abasovdan qələbə gözləyir

post-img

Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda mübarizə aparan Nicat Abasov 3-cü yer uğrunda ilk oyunda ABŞ təmsilçisi Fabiano Karuana üzərində inamlı qələbə qazanıb. Ağ fiqurlarla oynayan şahmatçı 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

Matçdan sonra turnirin rəsmi say­tına açıqlama veriən Azərbaycan şah­matçısı ABŞ təmsilçisi Fabiano Ka­ruana üzərində ilk oyunda qazanılan qələbənin önəmli olduğunu bildirib: “İlk oyun mənim üçün rahat oldu. Ka­ruananın səhvindən sonra qələbə qa­zanmağıma heç nə mane ola bilməzdi. Fabiano gözləmədiyim səhvə yol verdi. Düzgün gedişləri edərək oyunu qələbə ilə başa vurdum. Belə səhv Karuana kimi güclü şahmatçıya xarakterik deyil. Dünya kuboku yarışı artıq uzun müd­dətdir davam edir, əksər şahmatçılar yorulub. Fabiano ötən gün tay-brekdə də mübarizə aparıb. Yorğunluq özünü göstərə bilər. Məndə də bir qədər yor­ğunluq var. Dünən oynamadığım üçün bərpa oluna bildim”.

N. Abasov üçüncü yer uğrunda oyunda sona qədər mübarizə apa­racağını söyləyib: “Cavab oyununda arxayınlaşmaq olmaz. Mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Bü­tün Azərbaycanın dəstəyini hiss edirəm. Üçüncü yer uğrunda mübarizə çox va­cibdir. İlk üçlükdə olmaqla İddiaçılar Turnirində iştirakımı rəsmiləşdirmək istəyirəm”. 

Beynəlxalq Şahmat Federasiyası­nın (FIDE) prezidenti Arkadi Dvorko­viç jurnalistlərə açıqlamasında Nicat Abasovun bu cür parlaq çıxışının böyük sürpriz olduğunu vurğulayıb: “O, yarımfinalda beşqat dünya çempio­nu Maqnus Karlsenlə də yaxşı mübarizə apardı. Fikrimcə, bu, Azərbaycan şah­matı üçün uğurlu nəticədir. Azərbaycan şahmatçılarından Teymur Rəcəbov artıq bir dəfə Dünya Kubokunu qazanıb. Ni­cat da gözəl mübarizə apardı. İndi də üçüncü yer uğrunda yarışacaq”.

Qeyd edək ki, bu gün şahmatçılar ca­vab oyununda üz-üzə gələcəklər. Oyun saat 15-00-da başlayacaq. Dünya kubo­kunda bürünc medal qazanmaq üçün Ni­cat Abasova heç-heçə də kifayət edəcək.

Dünya kubokunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirində iştirak etmək imkanı qazanacaqlar. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman