Qız basketbolçularımızın Avropa qələbəsi

post-img

Bugünlərdə 16 yaşadək qızlardan ibarət komandamızın Andorrada keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunda parlaq qələbəsi Azərbaycanın idman ictimaiyyətini və xalqımızı sevindirdi. Komandamızın bütün oyunlarda inamla çıxış etməsi basketbolçularımızın yarışa mükəmməl hazırlığından xəbər verir. 

U-16 qızlardan ibarət yığmanın baş məşqçisi Evren Alkaya “Xalq qə­zeti”nə açıqlamasında məhz görülən kompleks işlər nəticəsində komandamı­zın yüksək nəticə əldə etdiyini bildirdi: “Hər hansı idman növünü inkişaf etdir­mək istəyiriksə, mütləq aşağı yaş qrupla­rında istedadlı idmançıların yetişməsinə nail olmalıyıq. Bu baxımdan üzərimizə böyük məsuliyyət düşür. Bu yeniyetmə idmançılarımızın hər birinin potensialı var və biz onu inkişaf etdirmək üçün bö­yük səy göstəririk. Komandamızda 16 yaşadək güclü basketbolçularımız var. Basketbol Federasiyası Avropa çempio­natına hazırlıq üçün bütün şəraiti yaratdı. Əldə edilən qələbədə əməyi keçən hər kəsə minnətdarıq”. 

Baş məşqçi yığmamızın hər bir üzvü­nün imanla, inadla mübarizə apardığını, sonda qalib gəldiyini dedi: “Komanda id­man növündə hər bir fərdin güclü olması ilə yanaşı, birgə mübarizə ruhunun yük­sək olması da əsas şərtdir. Qızlarımız bütün qarşılaşmalarda gözəl oyunlar sər­gilədilər. Sonda isə layiqli qələbəyə nail oldular. Andorra yığmasını həm qrupda, həm də həlledici mərhələdə məğlub et­dilər. Yığmamız artıq B divizionunda ya­rışa biləcək”. 

Köməkçi məşqçi Aygün Eynulla­yeva ötən 10 ay ərzində komandanın qitə yarışına böyük səylə hazırlaşdığını bildirdi. O qeyd etdi ki, yüksək səviyyədə qurulan təlim-məşqlər, yoldaşlıq görüşlə­ri millinin hazırlığında önəmli rol oynadı: “Yığmamızın B qrupunda ilk oyunu An­dorra ilə oldu. Qızlarımız çox həyəcanlı olsalar da, potensiallarından maksimum istifadə edərək rəqibi 14 xal üstələdilər. Sonrakı oyunda Moldovanı da böyük he­sabla udduq. Təcrübəli Albaniya koman­dası ilə oyun bir az çətin olsa da, biz də zəif deyildik. Buna görə qələbə əldə edib qrup lideri olduq. A qrupunda çox təcrü­bəli komanda olan Gürcüstanla qarşılaş­ma həddindən artıq gərgin keçdi. Oyun bərabər idi və son saniyələrdə komanda­mızın üzvünün topu səbətə daxil etməsi bizə iki xal üstünlük qazandırdı. Finalda Andorra yığması ilə qarşılaşma nisbətən rahat keçdi. Artıq rəqibi tanıyırdıq. 

Bizim qızlarımızdan fərqli olaraq rəqib komandalar daha təcrübəli idilər. İlk dəfə idi ki, belə bir yarışda çıxış edirdik. Ko­mandamızın sona qədər bütün oyunları qələbə ilə başa vurması onun potensia­lından xəbər verir. İlk dəfədən çempion olduq. Ölkəmizi layiqincə təmsil etdiyimiz üçün çox sevinirik. Bizə dəstək verən hər kəsə minnətdarıq”.

Komandanın üzvü, Sumqayıt basket­bol məktəbinin yetirməsi Səlminaz Ra­mazanlı qalib olmaq hissinin çox gözəl olduğunu bildirdi: “Bir var tək qalib ola­san, bir də var ki, komandanla. Bu çox gözəl hissdir. Yığmamızın hər bir üzvü bu qələbəni qazanmaq üçün böyük inamla mübarizə apardı. Komandada yüksək ruh var. Bu qələbənin əldə edilməsi üçün məşqçilər də çox əziyyət çəkiblər. Əsas o idi ki, onlar bizə inandılar. Biz isə onların etimadını doğrultduq”. 

Komandanın digər üzvü Ayanın 14 yaşı var. Xətai rayon 269 nömrəli məktəbin şagirdi gələcəyə böyük ümidlə baxır: “Ko­mandamızla qürur duyuram. Bu uğurun davamını birgə gətirəcəyimizə inanıram. Rəqib komandalarla gərgin keçən oyunla­rımız da oldu, bir qədər rahat matçlar da. Gürcüstan yığması ilə qarşılaşmada sanki ölüm-dirim mübarizəsinə girmişdik. Sona qədər inamla mübarizə apardıq. Birgə mübarizəmizlə son saniyələrdə rəqib ko­mandanı məğlub edə bildik. Xoşbəxtik ki, Azərbaycanı layiqincə təmsil etdik”. 

U-16 komandamızın uğurlarının da­vamlı olacağına inanırıq. Azərbaycan Basketbol Federasiyasının son illər uşaq və yeniyetmələr arasında bu idman nö­vünün inkişafı istiqamətində atdığı ardıcıl addımlar artıq bəhrəsini verməyə başla­yır. Ümid edirik ki, basketbolçularımızın qələbə soraqları daha yüksək zirvələrdən gələcək. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman