Budapeştdə 1 qızıl, 1 bürünc

post-img

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir. Yarışın 3-cü günündə iki yunan-Roma güləşçimiz mübarizə aparıb.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Nihat Məmmədli təsnifat mərhələsində iranlı Omid Aramiyə 1:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanan güləşçimiz qazaxıstanlı Aybek Sabirbekovla (10:1) macarıstanlı Erik Torbaya (8:0) qalib gəlib. Nihat bürünc medal uğrunda qarşılaşmada isə isveçli Vircil Bikaya heç bir şans verməyib – 10:0.

63 kiloqramda yarışan digər təmsilçimiz Murad Məmmədov isə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuya (9:0), amerikalı Xavyer Consona (13:3) və litvalı Justas Petraviçyusa (5:1) qalib gələrək finala yüksəlib. Məmmədov həlledici görüşdə koreyalı Jinvunq Junqu 5:1 hesabıyla üstələyərək turnirin qalibi olub.

Qeyd edək ki, Eldəniz Əzizli (55 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman