Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin sonuncu reytinq turniri start götürüb. İlk yarış günündə sərbəst güləş üzrə milli komandanın iki üzvü mübarizə aparıb.
86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abubakr Abakarov ilk görüşdə israilli Yuri Kalaşnikova 8:0 hesabı ilə qalib gəlsə də, dörddəbir finalda türkiyəli Osman Göçenə 3:6 hesabıyla məğlub olub.
97 kiloqram çəki dərəcəsində yarışan digər təmsilçimiz Maqomedxan Maqomedov isə macarıstanlı Vladislav Baytsayevə (7:6), qazaxıstanlı Əlişir Yergaliyə (6:3) və almaniyalı Erik Tileyə (7:1) qalib gələrək finala yüksəlib. Lakin topuğundan zədələndiyi üçün amerikalı olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşmada iştirak etməyib. Bununla da, Maqomedxan gümüş medalla kifayətlənib.
Qeyd edək ki, həftəsonu yunan-Roma güləşçilərimiz turnirdə iştirak edəcək.
Elçin ABBASOV,
“Xalq qəzeti”