Son iki ayı Azərbaycan idmanında rekordlar dövrü hesab etmək olar. Təqdiredici haldır ki, beynəlxalq arenalarda keçirilən nüfuzlu yarışlarda yüksək nəticələr göstərən atletlərimizin əksəriyyəti yeniyetmə və gənc idmançılarımızdır.
Bundan bir neçə gün qabaq İspaniyada 20 yaşadək idmançılar arasında keçirilən sərbəst güləş üzrə Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan komandamız yekunda 143 xal toplayaraq ümumi hesabda Avropa çempionu olub. Ondan əvvəl isə yunan-Roma güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medalla 144 xal əldə edərək Avropa çempionatında bütün komandaları qabaqlayıb.
Bugünlərdə Macarıstanda 15 yaşadək güləşçilərin Avropa birinciliyində 2 qızıl, 2 gümüş və 3 bürünc medalla yekun hesabda (139 xal) Gürcüstandan cəmi 2 xal geri qalan komandamız ikinci oldu. İyunun son həftəsində cüdo millimizin Avropa çempionatındakı uğurunu da xüsusi qeyd etməliyik. Yeniyetmələrdən ibarət komandamız 6 qızıl və 3 bürünc medalla oğlanlar arasında birinci yerə layiq görülüb. Millimiz qarışıq komanda yarışlarında da qızıl medal qazanıb.
Bu günlər gənc gimnastlarımız da tarixi nəticə qazanıblar. Azərbaycan gimnastika tarixində ilk dəfə gənclər arasında qrup komandamız Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında çoxnövçülük proqramında bürünc medala sahib olub. Gimnastlarımız, həmçinin ayrı-ayrı alətlər üzrə finallarda ( 5 ip və 5 top) bürünc medallar qazanıb.
Dünən başa çatmış 15 və 17 yaşadək idmançıların Avropa birinciliyində ağırlıqqaldıranlarımızın qazandıqları parlaq nailiyyətləri də fəxrlə vurğulaya bilərik. Moldovanın paytaxtı Kişineuda 17 yaşlı yeniyetmə oğlanlar arasında Ravin Alməmmədovun (73 kq) çıxış etdiyi bütün hərəkətlərdə qızıl medal qazanması qürurvericidir. Birdən qaldırma hərəkətində və təkanla qaldırma hərəkətlərində qızıl medal qazanan idmançımız toplam 299 kq (137+162) nəticə göstərərək yekun sıralamada da birinci yeri tutub.
Komandamızın daha bir üzvü – 15 yaşadək idmançılar arasında mübarizə aparan Hüseyn Heydərov (81 kq) da 3 qızıl medal idman ictimaiyyətini sevindirib. Atletimiz komanda yoldaşı kimi, həm birdən qaldırma, həm də təkanla qaldırma hərəkətləri üzrə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Toplam 257 kq (118+139) nəticə göstərən H.Heydərov yekun sıralamada da qızıl medal qazanıb. Ümumilikdə, komandamız qitə birinciliyində 8-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 14 medal qazanıblar. Onu da qeyd etmək yerinə düşər ki, sadaladığımız idman növlərinin hamısı Olimpiya idman növləridir.
Prezident İlham Əliyev son Olimpiya Oyunlarında – Tokio Olimpiadasında komandamızın nəticəsi ilə bağlı danışarkən qeyd etmişdir ki, Olimpiya Oyunlarında təcrübəli idmançılarımız, demək olar ki, veteran idmançılarımız medal qazanıblar. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Ölkəmizin başçısı son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisinin geniş vüsət aldığını, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksinin fəaliyyət göstərdiyini qeyd edib.
Bu gün yüksək nailiyyət əldə etmiş hər bir yeniyetmə və gənc idmançıya böyük ümidlər bəsləyirik. Onların timsalında gələcəyin olimpiyaçıları yetişir. Yüksək nəticə qazanan idmançılar arasında bölgə təmsilçilərimizin də böyük payı var. Moldovadakı Avropa birinciliyində Ravin Alməmmədov Qazax, Hüseyn Heydərov Lənkəran ağır atletika məktəbinin yetirmələridirlər. Eləcə də, komandanın yüksək nəticəyə imza atmış digər üzvləri arasında bölgə idmançıları var.
Azərbaycan millisinin məşqçisi Kamran İsmayılov da yığmamızın qitə birinciliyində əldə etdikləri nəticələri təhlil edərkən bildirdi ki, bu idmançıların hər biri gələcək üçün böyük ümidlər verir. Avropa birinciliyində qazanılmış nailiyyət son illər ərzində rekord nəticədir. Avropa birinciliyinə qatılan 8 oğlandan 6-nın mükafatçılar sırasında yer alması onu göstərir ki, yığmamız yaxşı formadadır: “Komandanın hazırlığı yüksək nəticələr üçün geniş imkanlar yaradırdı. Sevinirik ki, uğurla çıxış etdik. Əminəm ki, yeniyetmə idmançılarımız gənclər və böyüklər arasında da mötəbər yarışlarda sözlərini deyəcəklər”.
İdmançımız Hüseyn Heydərov dünya və Olimpiya çempionluğunu hədəflədiyini dedi: “Əsas hədəf dünya və Olimpiya çempionu olmaqdır. Qarşıdakı yarışlara yaxşı hazırlaşmaq üçün bütün potensialımdan maksimum istifadə etməyə çalışacağam”.
Ravin Alməmmədov isə Moldovaya rekord üçün getdiyini bildirdi: “Moldovaya ən yüksək nəticə üçün getmişdim. Rekord qazandığım üçün xoşbəxtəm. Bu nəticə məni arxayınlaşdırmır. 20 yaşlıların dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm”.
Yarışda 17 yaşadək idmançılar arasında 1 qızıl və 2 gümüş medal qazanan Amin Osmanov (99 kq) gələcəyə böyük ümidlə baxdığını vurğuladı: “Bu nəticəni gənclər və böyüklər arasında da qazanmaq istəyirəm. Düşünürəm ki, bunun üçün potensialım var. Hədəfə çatmaq üçün bütün səylərimi toplayacağam”.
Avropanın ən güclü atletlərinin yarışında parlaq nəticə qazanmış idmançılarımız hər cür tərifə layiqdirlər. Onlar beynəlxalq arenalarda dövlət bayrağımızı yüksəklərdə dalğalandırıb, himnimizi səsləndirirlər. Ən əsası isə bu idmançılarımız gələcəyimiz olan gənc nəslin nümayəndələridir. Bu da idmanımızın bu günü kimi sabahının da uğurlu olacağına əminlik yaradır.
Leyla QURBANOVA, “Xalq qəzeti”


