Paris Paralimpiadasına ilk lisenziya

post-img

“Paris-2024” Yay Paralimpiya Oyunlarına komandamız ilk lisenziyasını qazanıb. İlk lisenziyaya Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev sahib olub. 

İdmançımız Fransanın paytaxtı Pa­risdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb. O, bu nəticə ilə Paris Paralimpiadasına vəsiqə əldə edib. 

Hazırda Parisdə olan Oloxan Mu­sayev “Xalq qəzeti”nə açıqlamasında növbəti paralimpiadaya ilk lisenziya əldə etdiyi üçün sevincinin həddi-hü­dudu olmadığını deyib. Qeyd edib ki, mükafatçılar sırasında yer almaq üçün potensialı olsa da, bir qədər aşağı nəti­cə göstərib: 

– Yarışa yaxşı hazırlaşmışdım. Ən azı, üçüncü yeri tuta bilərdim. Amma əvvəlkilərlə müqayisədə 30-40 santimetr daha az göstərici qeydə alındı. Nəticə­mi 15 santimetr yaxşılaşdıra bilsəydim, üçüncü yerə sahib olardım. Buna bax­mayaraq, çox məmnunam. Paris Para­limpiadasında iştirak bizim üçün böyük önəm daşıyır. İndi əsas hədəf Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında yüksək səviyyədə çıxış etməkdir”. 

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenzi­ya qazanırlar.

Xatırladaq ki, Tokio Paralimpiada­sında 19 medal – 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan koman­dası ümumi sıralamada onuncu pillədə qərarlaşıb.

 

Leyla SABİRQIZI,

“Xalq qəzeti”

İdman