Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə keçirilən 33-cü Afrika çempionatında medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, dünən 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Ömər Cavadov körpücük üzərinə çıxıb.
O, birdən qaldırma hərəkətində 143, təkanla qaldırmada 167 kq çəkini ram edib və toplam 310 kq (143+167) nəticə göstərib.
Ömər Cavadov bu nəticə ilə birdən qaldırma hərəkətində 2-ci, təkanla qaldırma hərəkətində 5-ci, toplamda isə 4-cü olub.
Qeyd edək ki, daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq), kişilərdən isə İsa Rüstəmov (67 kq) Afrika çempionu olub.
Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatına görə iştirak edə bilməməsidir. Tunisdə təşkil olunan yarış da Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən Azərbaycan komandasına alternativ imkan kimi bu turnirdə qüvvəsini sınamaq təklif olunub. Azərbaycan Ağır Atletika Federasiyası təklifi qəbul edib. İrəvanda yarışa bilməyən idmançıların Tunisdə əldə etdikləri nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"