Polşalı ailə Bakı trekindən sürprizlər gözləyir

post-img

Bakı—Qran—Prisi 

Şəkillər: POLŞA Papkasında

Polşalı ailə Bakı trekindən sürprizlər gözləyir 

“Formula 1” üzrə yeddinci Azərbaycan Qran-Prisinin başlaması ərfəsində paytaxt küçələrində çox sayda əcnəbi turistlər diqqəti cəlb edirlər. Biz də şəhərə çıxıb onların fikirlərini öyrənməyə çalışdıq. İlk rastlaşdığımız şəhərimizin əcnəbi qonaqları Polşadan təşrif buyurmuş Madzuk ailəsi oldu. 

Onlarla Azərbaycan Qran-Prisi barədə söhbət etdik. Qonaqlar bildirdilər ki, Bakı treki yarışları dünyanın prestijli və populyar avtoidman növlərindəndir. Dünyada böyük maraqla izlənən “Formula 1” yarışlarının Bakıda da  uğurla keçirilməsi artıq dünyada bu idman növünü sevən, ona rəğbət bəsləyən azarkeş kütləsinin diqqətini cəlb edir. Öyrəndik ki, Bakı həyəcanını yaxından izləmək üçün Madzuk ailəsi şəhərimizə birgə gəlməyi qərara alıblar. 

Ailənin başçısı Tomaş Madzuk dedi ki, həyəcan və gərginliklə dolu yarışı birgə izləmək barədə təklifi oğlum Filip irəli sürdü. İlk dəfədir ki, Bakı şəhərinə gəlmişik. Onu da qeyd edim ki, əvvəl oğlumun bu fikrinə qarşı çıxsaq da, sonradan Bakıya gələyə qəar verdik. Artıq şəhərlə və Bakı treki ilə tanış olmuşuq. Burada olarkən, dünyanın dörd bir yanından avtoidman həvəskarlarının Bakıya axışdığının şahidi olduq. Bu isə ev sahibinin qonaqpərvərliyinin və yarışa olan marağın göstəricisidir. Oğlumla mən “Red Bull” komandasının pilotu Maks Ferstappenə azarkeşlik edirik. 

Ailənin böyük övladı Maya Madzuk isə bildirdi ki, Bakıda “Formula 1” yarışlarını izləmək üçün şəhərə təşrif buyuran bütün qonaqlar üçün möhtəşəm ab-hava yaradılıb. Xüsusən şəhərin tarixi abidələri daha çox diqqətimizi çəkdi. İçərişəhərdə olduq. Tarixlə müasirliyin qovuşduğu məkanla yaxından tanışlıq bizdə böyük təəsürat doğurdu. Mən “Alpin” komandasının pilotu Pyer Qasliyə azarkeşlik edirəm. 

Ailənin kiçik övladı Filip Madzuk dedi ki, “Formula 1” üzrə dünya çempionatında mövsümün dördüncü mərhələsi olan Azərbaycan Qran-Prisi də olduqca maraqlı keçəcək. Çünki Azərbaycan Qran-Prisində mövsümün ilk sprint yarışı da gerçəkləşəcək. Yəqin ki, pilotlar ilk sərbəst yürüşdən sonra mərhələyə yaxşı başlamağı özləri üçün hədəf seçəcəklər. Yarışın necə alınacağını isə zaman görəcək. Mən Maks Ferstappenə azarkeşlik edirəm. 

Xanım Maqda Madzuk isə ilk dəfə Bakıda olsalar da, şəhərimizdəki qonaqpərvərlikdən məmnun qaldıqlarını və özlərini evlərindəki kimi hiss etdiklərini dilə gətirdi.  O, Şarl Leklerə azarkeşlik etdiyni bildirdi. “Fikrimcə, “Ferrari” ən azı ilk üçlükdə qərarlaşacaq”,-deyə Maqda Madzuk firkini yekunlaşdırdı.

Elçin AĞAMİRZƏ,

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

İdman