Avropa çempionatında gümüş medal qazanan güləşçilərimiz Vətənə qayıdıblar

post-img

Xorvatiyanın Zaqreb şəhərində 6 medal qazanaraq komanda hesabında ikinci yeri tutan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıblar.
Milli komandanın baş məşqçisi Aleksandr Tarakanov Avropa çempionatında komandanın çıxışı ilə bağlı müsahibə verib. Baş məşqçi komandasının Avropa çempionatında uğurla çıxış etdiyini bildirib: “Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Zaqrebdə keçirilən reytinq turnirindən sonra ölkə xaricində 2 təlim-məşq toplanışı keçdik. Xorvatiyada və Gürcüstanda hazırlıq prosesində iştirak etdik. Komandamız qitə birinciliyində uğurlu çıxış etdi. Bundan sonra bütün diqqətimizi sentyabrda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yönəldəcəyik”.
Avropa çempionu Ülvü ­Qənizadə karyerasında ilk dəfə Avropa çempionu olduğunu, buna görə sevindiyini bildirib: “Məni ilk təbrik edən anam oldu. Qələbəmi şəhidlərimizin və atamın ruhuna həsr etdim. Növbəti hədəfim dünya çempionu olmaqdır. Arxayınlaşmaq olmaz. İnanıram ki, bu nəticələrin ardı gələcək”.
Avropa çempionatının gümüş medalçısı Taleh Məmmədov deyib ki, İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün ikiqat məsuliyyət oldu və komandanın əhvali-ruhiyyəsinə müsbət təsir etdi, idmançıları daha da ruhlandırdı: “Ermənistan idmançısı ilə artıq dördüncü dəfə idi qarşılaşırdım. Özüm elə taktika seçdim ki, birinci hissədə parterdə oturum, ikinci hissədə isə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim. Rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam və bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd tətbiq etməli oldum. Həmin fəndin üzərində işləmişdim. İcra edib qələbə əldə etdim və finala vəsiqə qazandım. Növbəti hədəfim dünya çempionu olmaqdır. Serbiyada qızıl medal qazanıb, karyeramı başa vurmaq istəyirəm”.
Xatırladaq ki, Xorvatiyada Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu olub. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (130 kq) isə bürünc medal qazanıblar.

Leyla QURBANOVA, 
“Xalq qəzeti”

İdman