Dünən axşam qitənin ən nüfuzlu futbol turnirlərindən olan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk matçları çərçivəsində daha iki görüş keçirilib. İtaliyada “Milan” –“Napoli”ni, İspaniyada isə “Real”-“Çelsi”ni sınağa çəkib.
İlk hissədə təşəbbüsü ələ alan “Milan” klubu 40-cı dəqiqədə “Napoli”nin qapısına yol tapmağı bacarıb. “Milan”ın qolunu Bennacer vurub. İlk hissə bu hesabla başa çatıb.
Paralel olaraq Madriddə keçirilən “Real”-“Çelsi” qarşılaşmasında da oxşar ssenari yaşanıb. Belə ki, matçın birinci hissəsində meydan sahibləri rəqibin torunu sirkələməyi bacarıblar. Belə ki, 22-ci dəqiqədə Kərim Benzema London təmsilçisini yenidən meydanın mərkəzindən oyuna başlamağa məcbur edib.
Hər iki görüşdə birinci hissə 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
İkinci hissə də komandalar arasında qarşılıqlı hücumlar şəraitində keçib. Lakin qonaqlar heç nə ilə yadda qalmayıblar. İkinci hissədə “Napoli” 75-ci (Anguissa) dəqiqədən, “Çelsi” isə 59-cu (Chilvell) dəqiqədən sonra qırmızı vərəqə ucbatından meydanda azlıqda qalıb.
Qeyd edək ki, “Milan”-“Napoli” matçı ilk hissədə meydan sahiblərinin vurduğu yeganə qol sayəsində minimal hesabla başa çatıb-1:0. “Real”-“Çelsi” oyununda isə madridlilər ikinci hissənin 74-cü dəqiqəsində Assensionun qolu ilə hesabı 2:0-a çatdırıblar. Bu, görüşdə sonuncu qol olub.
Qeyd edək ki, indiyədək, ümumilikdə, 24 dəfə qarşılaşan “Milan”-“Napoli” komandalarının son görüşündə meydan sahibləri 9-cu dəfə qələbə qazanıblar.
Beşinci dəfə üz-üzə gələn “Real”-“Çelsi” komandalarının görüşündə isə Kral klubu ümumi hesabda üstünlüyü bir qədər də artırıb. Belə ki, madridlilər bu dueldən üçüncü dəfə qalib ayrılıblar.
Elçin ABBASOV,
“Xalq qəzeti”