Futbol üzrə Misli Premyer Liqasında bu gün XXIX turun son oyunları keçirilir. Günün ilk matçında bölgə təmsilçilərimiz "Turan-Tovuz"la "Şamaxı" qarşılaşıblar.
Saat 16:00-da start götürən qarşılaşmanın birinci hissəsində hesab 1:1 olub. Meydan sahiblərinin qolunu 2-ci dəqiqədə Eva Runi vurub. Qonaqların heyətində isə 9-cu dəqiqədə Fuad Bayramov fərqlənib.
Gərgin keçən matçın ikinci hissəsi də bu hesabla yekunlaşıb.
Qeyd edək ki, görüş heyəti tam yerli futbolçulardan təşkil olunan "Şamaxı" klubu üçün vacib xal baxımından böyük əhəmiyyət kəsb edirdi. Belə ki, bu heç-heçə ilə xallarının sayını 21-ə çatdıran "Şamaxı" autsayder vəziyyətindən çıxaraq turnir cədvəlində 9-cu pilləyə yüksəldi.
Xatırladaq ki, dünən "Səbail" klubu çempionluğa iddialı "Sabah" komandasını 2:1 hesabı ilə məğlub etdikdən sonra 9-cu pilləyə qalxmışdı. Lakin bugünkü matçdan sonra "Səbail" yenidən autsayderə çevrildi.
Əlavə edək ki, tura bu gün "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"