Buxarestdə qızıl medal və Avropa Oyunlarına növbəti lisenziya

post-img

Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Belə ki, milli komandanın üzvü üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeyə 2:0 hesabı ilə qalib gəlib. O, finalda ukraynalı Maksim Manekova ilə görüşqb. Dadaşov Manekovu da eyni hesabla məğlub edib. Bununla da Səyyad həm qızıl medala, həm də “Krakov-2023”ə lisenziyaya qazanıb.

Digər təmsilçimiz Xanoğlan Kərimov (63 kiloqram) isə bürünc medalla kifayətlənməli olub. O,  Moldova idmançısı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Norveç təmsilçisi Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub.

Bu gün turnirdə Həmidreza Bədriəliabadi (+87 kiloqram) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi “Krakov-2023”də iştirak hüququ qazanır.

Qeyd edək ki, Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub. Ona qədər Qaşım Maqomedov (58 kiloqram), Cavad Ağayev (68 kiloqram), Eltac Qafarov (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Minayə Əkbərova (46 kiloqram), Patimat Abakarova (49 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) “Krakov-2023”də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman