Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb. Yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Abşeron” - “Murov” matçı qonaqların 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, “Murov” komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.
Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl”lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran “Azərreyl”in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Elçin ABBASOV,
“Xalq qəzeti”