Bu axşam “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək. Artıq matçın keçirilməsinə saatlar qalır. Şəhərin küçə və prospektlərində komandalara dəstək verən azarkeşlərlə görüşüb əvvəlcədən onların təəssüratlarını öyrəndik.
"Qarabağ" klubunun sadiq azarkeşi Mehman Quliyev bunları dedi: "Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səbirsizliklə matçın başlamasını gözləyirik. Mən özüm iki bilet almışam, oğlumlar birlikdə oyuna baxmağa gedəcəyik. Biz hətta oyunun nəticəsi barədə mərc də etmişik..."
Bakının Yasamal rayonunda yaşayan Ənvər dayı isə belə bir oyunun keçirilməsində əməyi olan bütün təşkilatçılara minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Azərbaycanla Türkiyə o qədər yaxın, biri-birinə bağlı ölkələrdirlər ki, istənilən nəticədən asılı olmayaraq hər iki komanda bizim üçün çox dəyərlidir. Bu matç ölkələrimiz və insanlarımız arasındakı vəhdəti, birliyi daha möhkəmləndirəcək.
Elmir Heydərov isə belə çətin günlərdə ölkələrimizin həmrəylik nümayiş etdirməsinin qürurverici olduğunu söylədi. Dedi ki, matç üçün ilk gündən biıet alanlardan biri də o, özüdür. "Ümumiyyətlə, mən özüm "Qalatasaray" azarkeşiyəm. Ancaq "Qarabağ" da bizim üçün çoğ doğmadır. Buna görə də hər iki doğma kluba uğutlar diləyirəm",-deyə Elmir Heydərov bildirdi.
Qeyd edək ki, xeyriyyə matçını həmyerlimiz FİFA referisi Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyev olacaqlar.
Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"