Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir - Rusiyalı ekspertlərin ŞƏRHİ

post-img

"İrəvan bu addımı atmaqla Moskvaya xəyanət edib"

Ermənistanın Konstitusiya Məhkəməsinin Haaqa Məhkəməsinin Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb. Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistan hakimiyyətinin məlum qərarının rəsmi İrəvanla müzakirə ediləcəyini açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər.

Sergey Markov

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiya üçün çox təhqiredicidir: "Bu, o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək, bu Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif vəziyyətlərdə və müxtəlif dövrlərdə xilas edib. Ona görə də, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanıması birbaşa xəyanətdir", deyə rusiyalı politoloq vurğulayıb.

Markovun sözlərinə görə, Rusiyada Ermənistanın bu qərarından çox qəzəbləniblər: "Əlbəttə ki, Rusiyadakı erməni lobbisi və bu lobbinin idarə etdiyi KİV Ermənistanın bu xəyanətinə susmağa, göz yummağa cəhd edir. Rəsmi Moskva Ermənistanın bu xəyanəti ilə bağlı hansı addımı atacaq, bunu demək hələ ki çətindir. Lakin aydındır ki, indi Vladimir Putin formal olaraq Ermənistana səfər etsə, orada həbs oluna bilər. Onun ötən səfəri zamanı Paşinyan anti-Putin mitinqi təşkil etmişdi. İndi isə o, Putini nə, həbs edəcək?! Əlbəttə ki, bu təkcə Ermənistanın xəyanətkar siyasəti deyil, həm də ağılsız siyasətidir. Ermənistanın bu qərarı səbəbindən Rusiya daha çox Azərbaycana tərəf hərəkət edəcək, Azərbaycanın istəklərinə daha çox anlayışla yanaşacaq. Bu isə, Bakının tezliklə və effektiv şəkildə bütün Qarabağ üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnəcək",-deyə rusiyalı ekspert yekunlaşdırıb.

Rusiyalı siyasi ekspert Aleksey Naumov APA-nın Moskva müxbirinə açıqlamasında Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarın Ermənistan diplomatiyasının komik vəziyyətdə olduğunu bir daha göstərdiyini söyləyib:

Aleksey Naumov

"Ermənistan artıq növbəti dəfədir ki, Rusiyaya və onun prezidentinə qarşı hücumlar təşkil edir. Hansı ki, Ermənistanın dövlət kimi mövcudluğunun əsas zəmanətçisi məhz elə Rusiyadır. İndi Rusiya cəmiyyətində belə sual yaranır: Ümumiyyətlə, Rusiyaya Ermənistan kimi müttəfiq nəyə lazımdır? Rusiya müttəfiqi Ermənistandan ünvanına tənqidlər, iddialar və xahişlər eşidir. Hesab edirəm ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarının Rusiyaya münasibətdə konkret, birbaşa nəticəsi olmayacaq. Çünki Ermənistan ərazisində Rusiya prezidentinin həbsi mümkün deyil. Lakin bu hadisə Rusiya vətəndaş cəmiyyətinə və siyasi isteblişmentinə Ermənistanla müttəfiqlik Rusiyaya nə verir və bu müttəfiqlik nəyə lazımdır sualı haqqında bir daha düşünmək üçün yaxşı imkan verir”, -deyə rusiyalı ekspert əlavə edib.

Siyasət