“Azərreyl” liderliyi davam etdirir

post-img

Qadın voleybolçular arasında Azər­baycan Yüksək Liqasında III dövrəyə yekun vurulub. IX tur çərçivəsində keçirilən son iki görüşdə “Murov”la “Abşeron” üz-üzə gəlib. Həmin matç­da qalib 4 setdə müəyyənləşib. Belə ki, oyun “Abşeron”un 25:22 hesablı üs­tünlüyü ilə başlasa da, sonda “Murov” qələbəyə sevinib. İkinci setdə 25:14 hesabı ilə qalib gələn Vüqar Əliyevin yetirmələri üçüncü və dördüncü set­lərdə də 25:22, 31:29 hesabı ilə qalib gəliblər. Beləliklə, aktivinə 3 xal yaz­dıran “Murov” turnir cədvəlində ikinci pilləyə yüksəlib. 

Voleybol Mərkəzində təşkil olunan IX turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlinə liderlik edən Eldar Yusu­bovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Azərreyl” ilk hissəni 25:13, sonrakı setləri isə 25:17 və 25:14 hesabı ilə qazanıb.

III dövrədən sonra “Azərreyl” 23 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov”un 16, “Abşeron”un 15 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman