İsraildə arxeoloqlar 3000 ildən çox yaşamış xəstə üzərində aparılan beyin əməliyyatına (müasir tibbdə trepanasiya) dair dəlillər aşkar ediblər. Bu travmatik qəza nəticəsində beyindəki kəllə hissələrini təmizləmək və başdakı təzyiqi azaltmaq üçün edilən əməliyyatdır.
“PlOS One” elmi jurnalında dərc edilən yeni araşdırmada əməliyyat edilən şəxsin 20-40 yaş arasında olduğu və eramızdan əvvəl XV əsrdə yaşadığı bildirilib.
ABŞ-ın Brown Universitetinin arxeoloqu Rachel Kalişerin rəhbərlik etdiyi araşdırma qrupu, xəstənin baş dərisinin kəsildiyini müəyyən edib.
Arxeoloq bildirib: “Bizim sübutlarımız var ki, trepanasiya minilliklər boyu universal və ümumi cərrahiyyə növü olub. Ancaq biz bunun Yaxın Şərqdə tətbiqini bilmirdik. Bu bölgələrdə 10-a yaxın trepanasiya nümunəsi var”.
Qeyd edək ki, müasir tibbin imkanları olmadan beyin cərrahiyyəsi kimi incə bir əməliyyatı həyata keçirmək çox çətin olardı.
Amma tarixçilər dəfələrlə sübut ediblər ki, əməliyyatın mənşəyi minlərlə il əvvələ gedib çıxır. Bəzi ekspertlər hətta hesab edirlər ki, neyrocərrahiyyə bütün zamanların ən qədim tibbi “ixtisas”ıdır.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

