Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 “Youth League” turniri davam edir. Karateçimiz Nicat Kərimli (-75 kq) turnirin gümüş medalını qazanıb.
Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə, 21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukrayna idmançılarına qalib gələn karateçimiz finalda misirli rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni əldən verib.
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir. Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

