Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilsin.
2. “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 579 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında “Respublikasının ali məktəb” sözləri “Respublikası ali təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissədə “məktəblərinə” sözü “təhsil müəssisələrinə” sözləri ilə, “275 (iki yüz yetmiş beş)” sözləri “350 (üç yüz əlli)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərmanın 2-ci hissəsi 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2025-ci il