Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

24.07.2025 [13:51]

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 iyul tarixli 164 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində verilən rəylərin əhatə dairəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın 3.5.1-ci yarımbəndi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilsin:

1.1. tikinti obyektinin torpaq sahəsində torpaqların keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsi və həmin torpaq sahəsində digər tikililər mövcud olduğu halda təmərküzləşmə prinsipinin nəzərə alınması;

1.2. tikinti obyektinin bəyan edilən kənd təsərrüfatı fəaliyyəti üçün istifadəyə yararlılığının qiymətləndirilməsi.

2. Tikintiyə icazə verən orqan tikintiyə icazə icraatı zamanı hər bir tikinti obyektinin funksional təyinatı və xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsinə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci maddəsinə uyğun olaraq, rəy verməsi zəruri hesab edilən aidiyyəti qurumlara sorğu göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2025-ci il

Fərmanlar