Martın 27-si Azərbaycanda Elm Günüdür

post-img

Azərbaycan elmi yeni strateji hədəflərə doğri inamla irəliləyir

Azərbaycan kifayət qədər iqtisadi potensiala, zəngin yeraltı və yerüstü sərvətlərə, güclü intellektual, elmi-texniki potensiala malikdir.

Umummilli lider Heydər Əliyev 

2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə elmin rolunun daha da gücləndirilməsi məqsədilə “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Bu qərar dövlət başçısının elmə göstərdiyi diqqət və qayğısının, alimlərin əməyinə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, cəmiyyətin inkişafında elmin, innovasiyanın və elmi düşüncənin xüsusi əhəmiyyət daşıdığını bir daha sübut edir. Təsadüfi deyil ki, Elm günü məhz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis olunduğu tarixə təsadüf edir. Bu gün gənc nəslin elmə marağının artırılması, əldə edilən mühüm elmi nəticələrin cəmiyyətə təqdim olunması, təşviq edilməsi və Azərbaycanın elmi potensialının daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
AMEA fəaliyyət göstərdiyi 80 il ərzində ölkənin elmi potensialının formalaşmasında, fundamental və tətbiqi tədqiqatların aparılmasında, həmçinin milli elmi kadrların yetişdirilməsində mühüm rol oynayıb. Şərəfli tarixə malik olan Elmlər Akademiyası bu gün də akademik İsa Həbibbəylinin rəhbərliyi altında fəaliyyətini uğurla davam etdirir. Akademiyada müasir çağırışlara adekvat elmi tədqiqatlar aparılır, gənc alimlərin yetişdirilməsi və ölkənin elmi potensialının artırılması istiqamətində real addımlar atılır. Bununla yanaşı, Azərbaycan elminin dünya elminə inteqrasiyası, cəmiyyətdə alim və ziyalıların nüfuzunun artırılması, ölkəmizin tarixi, dili və mədəni irsinin qorunması, təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

Belə ki, cari il fevralın 25-də AMEA-nın Ümumi yığıncağı keçirilmiş, tədbirdə 2025-ci ilin AMEA üçün əhəmiyyətli tədqiqatlar, nüfuzlu elmi bazalarda dərc olunan elmi məqalələr, mühüm nailiyyətlərlə yadda qaldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, beynəlxalq elmi əlaqələr çərçivəsində görülmüş tədbirlər çərçivəsində AMEA tərəfindən 2025-ci ildə 30-a yaxın əməkdaşlıq sənədi imzalanmış, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının Baş Assambleyasının iclasında iştirak edilmişdir. Həmçinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən Azərbaycan dilinin süni intellekt tərəfindən işlənilməsinin dəqiqliyinin artırılmasına xidmət edən “qızıl standart”ının yaradılması üçün model işlənilmişdir.

Bundan başqa, ötən il noyabr ayının 3-də AMEA-nın yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş və bu münasibətlə keçirilən yubiley tədbirində dövlət başçısı cənab İlham Əliyev iştirak etmişdir.  Tədbirdə dövlət başçımız geniş və məzmunlu nitq ilə çıxış edərək ölkədə elmin inkişafı, müasir çağırışlar və qarşıda duran strateji vəzifələr barədə mülahizələrini bölüşmüşdür. Prezidentin yubiley tədbirində səsləndirdiyi fikirlər, alim və mütəxəssislərin qarşısında qoyduğu yeni hədəf və vəzifələr Azərbaycan elminin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. 

Prezident çıxışı zamanı AMEA-nın 80 il ərzində böyük və şərəfli inkişaf yolu keçdiyini vurğulayaraq, bu qurumun ölkədə elmin formalaşması və inkişafında aparıcı rol oynadığını qeyd etmişdir. Dövlət başçısı bildirmişdir ki, Akademiya fəaliyyət göstərdiyi uzun illər ərzində Azərbaycanın elmi potensialının gücləndirilməsinə, fundamental və tətbiqi tədqiqatların genişlənməsinə mühüm töhfələr vermişdir. 

Ölkə başçısının yubiley tədbirində Azərbaycan tarixinin öyrənilməsi və təbliği, ana dilimizin qorunması və inkişafı məsələlərinə dair səsləndirdiyi fikirlər və irəli sürdüyü yeni çağırışlar AMEA-nın alim və mütəxəssisləri, eləcə də bütövlükdə Azərbaycan elmi qarşısında mühüm vəzifələr müəyyənləşdirmişdir. Cənab Prezidentin xüsusilə kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal dövlət quruculuğunun genişləndirilməsi ilə bağlı gündəmə gətirdiyi məsələlər müasir dövrdə elmin prioritet istiqamətlərini aydın şəkildə ortaya qoymuşdur.  

Qeyd etmək lazımdır ki, dövlət başçısının cari il ərzində imzaladığı bir sıra fərman və sərəncamlar ölkə elmində yeni prioritet istiqamətləri müəyyənləşdirmişdir. Xüsusilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul olunması, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müzakirəsi artıq ölkəmizdə elmin yeni mərhələdə inkişafı istiqamətində atılan real addmlardır. 

Nəhayət, cari ilin fevral ayında Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti fərman imzalamışdır. Fərmana əsasən, ölkədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmış, Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə Şuranın sədri təyin edilmişdir. Qeyd olunan bütün bu tədbirlər Azərbaycan elminin gələcəyi ilə bağlı geniş perspektivlər və mühüm nailiyyətlər vəd edir, rəqəmsallaşma və süni intellekt sahələrində atılan addımlar ölkənin elmi potensialının daha da güclənməsinə şərait yaradır. 

Nərgiz Qəhrəmanova,

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr,

mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Elm