Təhsil tələbə krediti:  Bu gün al, 6 il sonra ödə

post-img

Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) yaradılıb. Fond təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə, yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaq məramını gerçəkləşdirir. Əsas hədəfləri gənclərə təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.    

Fondun fəaliyyəti, perspektiv planları və digər məsələlərlə bağlı TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimovdan aldığımız müsahibəni təqdim edirik.

– Bəhruz müəllim, istərdik ki, əvvəlcə 3 ildən bir qədər çox müddət ərzində fondun gördüyü işlər barəsində oxucularımıza məlumat verəsiniz.

– Qeyd edim ki,TTKF təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya dövlət qurumudur. Yəni, fondun yaradılmasında gəlir və mənfəət nəzərdə tutulmayıb. Başlıca məqsədlərdən biri aztəminatlı ailələrin təhsilə çıxış imkanının yaradılmasıdır. Prezidentin TTKF-nin yaradılmasına dair fərmanından sonra Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli Qərarı ilə fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsinə başlanıldı. Təşkilati-strukturunun qurulması, dövlət qurumları ilə inteqrasiya və digər məsələlərlə bağlı işlərə başlanıldı. Nəticə etibarilə 2021-ci ilin noyabr ayının sonlarına doğru fond tam olaraq təsis edildi. Kreditə müraciət üçün elektron sistem açıq elan edildi və müraciətləri qəbul etməyə başladıq. Artıq 7-ci semestrdir ki, tələbə kreditlərinin verilməsini həyata keçiririk. 

– Maraqlıdır, bu dövr ərzində kredit götürmək üçün fonda neçə tələbə müraciət edib və neçəsi bu imkandan yararlana bilib?

– Ümumilikdə, 59 mindən çox tələbə müraciət edib. Onlardan   47mindən çoxuna müsbət cavab verilib. Verilən vəsaitlər elektron qaydada tələbənin təhsil aldığı universitetin hesabına köçürülüb. Hazırda 2024/2025ci tədris ilinin payız semestri üçün müraciətlər davam edir. İldən-ilə, semestrdən-semestrə müraciətçilərin sayında artım olur. 

– Təhsil tələbə kreditlərinin növləri hansılardır?

– Tələbə kreditlərinin sosial və standart olmaqla, 2 növü var. Sosial növ kredit illik 2 faizlə əhalinin həssas qrupundan olan şəxslərə verilir. Standart növ kredit isə 6 faizlə aztəminatlı olmayan digər bütün tələbələr üçün nəzərdə tutulub. Əsas şərt yaxşı oxumaqdır. Tələbələr yaxşı oxumalıdırlar ki, kreditdən faydalana bilsinlər. Təhsil kreditləri verməklə yanaşı, tələbələrimizin təhsilə köklənməsi, motivasiya olunması üçün müəyyən hədəflərimiz var. Tələbə təhsil aldığı müddət ərzində və təhsil ocağını bitirdikdən sonra 2 il ərzində heç bir ödəniş etmir və götürdüyü məbləğə faiz gəlmir. Burada istisna hal kimi tələbənin güzəşt müddəti ərzində əmək fəaliyyətinə başlamasını qeyd etmək olar. Əgər bu müddət ərzində o, rəsmi əmək fəaliyyətinə başlayarsa, geri ödəmə dövrünə start verilir və güzəşt müddəti bitdikdən sonra 10 il ərzində krediti geri ödəyir. Təhsil müəssisəsini başa vurmuş məzun fonddan sosial kredit götürübsə və diplomunun ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və ondan yuxarıdırsa, o, kreditin faiz hissəsini ödəmir. Əgər sosial kreditdən yararlanan tələbə əlaçı statusunda təhsil müəssisəsini bitirirsə, faiz alınmamaqla yanaşı, götürdüyü kreditin məbləğinin yarısı ona bağışlanır. Standart kredit götürmüş məzun isə əlaçı olaraq universiteti bitiribsə, kreditin faizi ilə yanaşı, ümumi məbləğin 25 faizi ona bağışlanır.

– Bəs tələbə hansı hallarda kredit imkanından yararlana bilər?

– Bu məsələ Nazirlər Kabinetinin qaydalarına uyğun tənzimlənir. Sosial və ya standart kredit növündən asılı olmayaraq, kredit götürmək istəyən tələbənin kəsiri, yəni akademik borcu olmamalıdır. Standart növ kreditdə tələbənin təhsil göstəricisinə də baxılır. Tələbə universitetə yeni daxil olubsa, yəni 1-ci kursun 1-ci semestrindədirsə, DİM-də topladığı qəbul balına baxılır. Qayda belədir ki, bakalavriat təhsil səviyyəsinə qəbul olunanların balı 250 və daha yuxarı, magistratura təhsil səviyyəsinə qəbul olunanların balı 50 və daha yuxarı, orta ixtisas təhsil səviyyəsinə qəbul olunanların balı 110 və daha yuxarı, peşə təhsil səviyyəsinə qəbul olunanların nəticəsi attestat qiymətlərinin orta göstəricisinə əsasən 3 və daha yuxarı olmalıdır. Standart növ kredit almaq istəyənlərin növbəti semestrdə ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) baxılır. 100 ballıq sistemlə ÜOMG-i 71 və daha yuxarı olanlar standart kredit növündən yararlana bilirlər. 

– Bəhruz müəllim, qeyd etdiniz ki, növbəti semestrlərdə akademik borcu olmayan və ÜOMG-i 71 və daha yuxarı olanlar standart növ üzrə təhsil tələbə krediti ala bilərlər. Reallıq odur ki, orta ixtisas və ali təhsil müəssisələrində tələbəni qiymətləndirmə meyarı kəmiyyət və keyfiyyət baxımından eyni deyil. Məsələn, düşünürəm ki, ADA Universitetində verilən 71 balla Lənkəran Dövlət Universitetində verilən 71 bal keyfiyyət baxımından eyni deyil. Bu tələbələrin yerini dəyişsək, onların nəticələri də fərqlənə bilər. 

– Maraqlı və düşündürücü sualdır. Doğrudur, keyfiyyət baxımından fərqlər ola bilər. Hansısa təhsil müəssisəsində 71 balı toplamaq çətin, digərində isə asan ola bilər. Standart növ kredit üçün müraciət edənlərin ÜOMG-inin 71 bal olması ətrafında çox düşünmüşük. Lakin biz qərarlara, təlimatlara və təhsil standartlarına uyğun hərəkət edirik. Bunlardan kənara çıxa bilmirik. Amma ümumilikdə, 71 bal elə də yüksək tələb deyil. Tələbə məsuliyyət hiss eləsə, dərsinə fokuslansa, müəyyən qədər əmək sərf etsə, hansı təhsil müəssisəsində oxumağından asılı olmayaraq, bu göstəricini toplaya biləcək. Biz 71 bal göstəricini 5 ballıq qiymətləndirmə şakalası ilə ölçsək, bu 3-4 arasında dəyişir. İkinci bir məsələ isə aztəminatlı ailələrin kredit ala bilmək imkanlarını reallaşdırmaqdır. Bunun üçün sosial növ kreditdə ÜOMG tələbi yoxdur. Yeganə tələb kəsiri, yəni akademik borcunun olmamasıdır. Standart növ kredit götürənlər isə aztəminatlı ailələr deyillər. Amma buna baxmayaraq, biz müraciət edən və şərtlərə uyğun gələn tələbələrə də kredit veririk. İstəyimiz odur ki, tələbələr çalışqan olsunlar. Bu, həm də məsuliyyət hissi, rəqabət mühiti yaradır. 

– Digər bir məsələ: tələbə hansısa avtomobil qəzasında və ya ailədaxili problemlər nəticəsində onun istəkləri xaricində hansısa fənnin imtahanında iştirak etməyə və ya aşağı qiymət ala bilər. Bu halda oxuduğu təhsil müəssisəsi ona güzəşt edə də bilər, etməyə də. Təhsil müəssisələri daha çox güzəştin edilməməsi variantını seçirlər. Belə  olduğu təqdirdə istisna hal kimi rəhbəri olduğunuz fond standart növ kredit götürmək istəyən tələbəyə fərdi yanaşma sərgiləyirmi?

– Razıyam, tələbələrin akademik borcunun yaranması, eləcə də ÜOMG-inin 71 baldan aşağı olmasının obyektiv və subyektiv səbəbləri ola bilər. Lakin fərdi və ya differensial yanaşmalar qaydalarda təsdiqini tapmır. Düşünürəm ki, bu mənada hansısa yumşaldılma tədbiri üçün addımı təhsil müəssisəsi atmalıdır. 

– Siz yuxarıda qeyd etdiniz ki, indiyə kimi təhsil tələbə krediti götürmək istəyən təxminən 59 min tələbənin 47 mindən çoxuna müsbət cavab verilib. Deməli, 10 mindən çox tələbənin kredit götürməsi məqsədəuyğun hesab edilməyib. İmtinalara səbəb hansı hallar olub?

– Tələblərə cavab verməyən tələbələrə elektron sistem imtina cavabı verir. Qeyd etdiyimiz kimi, hər iki növ kredit üzrə tələbənin akademik borcu varsa, standart növ kredit üzrə ilk semestrdədirsə, DİM-də topladığı bal müvafiq olmalı və növbəti semestrlərdə, ümumilikdə, qiymət ortalaması 71-dən aşağıdırsa, tələbə təhsildən kənarlaşdırılıbsa və bu kimi digər qaydalara uyğun gəlməyən hallar aşkar edilərsə, təhsil krediti verilmir. 

– Siz təhsil krediti üçün müraciət edənlərin, müsbət cavab alanların statistikasını təqdim etdiniz. Maraqlıdır, bəs krediti qaytaranların statistikası necədir? Geriödəmə vaxtlı-vaxtında olurmu?

– Ötən tədris ilinin sonunda kredit götürmüş məzunlar var. Elektron sistem onların bir qisminin güzəşt dövrü ərzində əmək fəaliyyəti ilə məşğul olmalarını aşkara çıxarmışdı. Belə olan halda artıq geri ödəmə başladılır. Eyni zamanda, 2021, 2022-ci ildə kredit alıb, məzun olub 2 illik güzəşt dövrünü tamamlayan tələbələrimiz də var. Onlar da geri ödəməyə başlayıblar. Ümumilikdə, təxminən 8 mindən çox tələbə krediti ödəməyə başlayıb. 1,3–1,4 milyon manat artıq geri ödənilib. Geri ödəniş edən tələbələrin sayı get-gedə çoxaldığı üçün qaytarılan məbləğ artan dinamika ilə davam edir. 

Təbiidir ki, kredit götürənlərin və məbləğin çoxluğunu nəzərə alsaq, geriödəmə ilə bağlı hansısa problemlərin yaşanması da istisna deyil. Hazırda ödənişi gecikdirən tələbələr var və bununla bağlı müvafiq işlər aparılır. Daha yaxşı nəticələrin əldə edilməsi üçün belə tələbələrə dəstəyimizi davam etdirəcəyik. Məqsədimiz səmərəli kredit verməkdir. Kəmiyyəti deyil, keyfiyyəti hədəfləyirik. Amma unutmayaq ki, hər kəsin təhsil almaq haqqı var. Hansısa maddi sıxıntı bu haqqı kimsənin əlindən almamalıdır. Əvvəlki illərdə təhsil haqqını ödəyə bilməyən yüzlərlə abituriyent təhsil almaqdan imtina edirdi. Biz bu sıxıntıların aradan qaldırılmasına çalışırıq.

– Bəhruz müəllim, hansısa bədbəxt hadisə baş verərsə, məsələn, tələbə həbs olunarsa, vəfat edərsə, belə hallarda kreditlərin taleyi necə olacaq?

– Tələbənin başına bədbəxt hadisə gələrsə, vəfat edərsə, əmək qabiliyyətinin tam və ya qismən itirərsə, fond belə riskləri nəzərə alır. Tələbə ilə kredit müqaviləsi bağlanarkən, verilən vəsaitin sığortalanması müqaviləsi də bağlanılır. Bu hallarda alınmış kreditin geri ödənilməsi borcalandan tələb olunmur və həmin məbləğ sığortaçı tərəfindən ödənilir.

Bir sıra hallarda tələbəyə oxuduğu müddət və məzun olduğu müddətdən 2 il sonra verilən güzəşt müddəti ilə yanaşı,  aldığı vəsaiti qaytarmaq üçün əlavə möhlət müddəti də verilir. Bizdən kredit almış tələbə yuxarı təhsil səviyyəsində əyani təhsil üzrə qəbul olunmuş, həqiqi hərbi xidmətə getmiş, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq müddəti möhlət dövrünə daxil olunur. Bunlarla yanaşı, şəxsin 4 ildən çox olmayaraq azadlıqdan məhrum edilməsi və ya azadlığın məhdudlaşdırılması halı olarsa, xanım tələbələrin hamiləliyə görə və uşağının 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu dövr də möhlət dövrünə daxil edilib. Möhlət dövründə də güzəştdə olduğu kimi, geriödəmə və  əlavə faiz tələb edilmir. 

– Bəs tələbə güzəşt müddəti ərzində iş tapa bilməzsə, bu halda hansısa əlavə güzəştlər nəzərdə tutulurmu?

– Tələbələrin işlə təmin edilməsi fondun vəzifələrinə aid deyil. Amma fond təhsil tələbə kreditlərini verməklə yanaşı, tələbələrin bilik və bacarıqlarının artırılması, əmək bazarına inteqrasiya olunması istiqamətində də bir sıra işlər görür. Bu məqsədlə 2023-cü ildə fondun strukturuna “İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi” əlavə etdik. Bu şöbənin əsas fəaliyyəti tələbələrimizin təlim və təcrübə proqramlarına qoşulmasına dəstək olmağa, onların bilik-bacarıqlarını artırmağa, işəgötürənlərlə tələbə arasında körpü rolunu oynamağa yönəlib. Əgər kreditdən yararlanmış tələbənin əlavə bilik-bacarığa, təlimə, işə ehtiyacı varsa, dövlət və özəl qurumlarla etdiyimiz əməkdaşlıq çərçivəsində bunu həyata keçiririk. 

– Fondun kreditlərindən yararlanmış tələbə bakalavriat təhsilini bitirib magistraturaya qəbul olunarsa, birinci kreditini ödəməmiş, daha 2 il ərzində də kredit ala bilərmi?

– Bəli, tələblərə uyğun gəlirsə, ala bilər. Qaydalarda bu bənd göstərilib. 

– Məlumdur ki, tələbələrin əksəriyyəti kirayələrdə, yataqxanalarda qalır. Onların kirayə, yataqxana xərclərinin qarşılanması, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı xarici dil kursları və bu kimi əlavə təlimə cəlb edilməsi istiqamətində fond kreditin verilməsi ilə bağlı yaxın gələcəkdə təşəbbüslə çıxış edə bilərmi?

– Buna, ümumilikdə, tələbələrin digər xərcləri kimi yanaşaq. Bu təşəbbüslə tələbələr, onların valideynləri, hətta təhsil müəssisələri də çıxış ediblər. Təhsil ekspertləri də bu mövzunu bir neçə dəfə gündəmə gətiriblər. Fondla bağlı qanunvericilikdə bu barədə heç bir bənd olmadığı üçün faktiki olaraq real addımlar atmaq mümkün deyil. Ancaq gələcəkdə yüksək rəhbərlik qarşısında bu məsələni diqqətə çatdırmaq olar. Bunun üçün fonda əlavə vəsait lazımdır. Düşünürəm ki, bununla bağlı müzakirələr aparılmalı, məsələ təhlil edilməli, müəyyən statistik göstəricilərə nəzər salınmalıdır. Nəticəyə uyğun gələcəkdə hansısa addımlar atıla bilər. 

– Bəhruz müəllim, kredit anlayışı cəmiyyətimizdə birmənalı qarşılanmır. Kredit deyərkən ağıla ilk gələn bankların təklif etdiyi yüksək məbləğlə geri ödənilən vəsaitlər olur. Düşünürəm ki, bu sıxıntı ilə fondunuz dəfələrlə qarşılaşıb. Sizə elə gəlmirmi ki, Təhsil Tələbə Krediti Fondunun tərkibində yer alan “kredit” sözü müəssisənizə əlavə yükdür?

– Qeyd etdiyiniz məsələ müəyyən mənada düşündüyünüz kimidir, kredit sözü cəmiyyətdə çaşqınlıq yaradır. Bu söz gələndə vətəndaşlarda əndişə hissi, yüksək faiz, dərhal geri ödəmə, zamin, girov kimi düşüncələr formalaşır. Biz təklif etdiyimiz təhsil kreditinin mahiyyətini, məzmununu müxtəlif qrupların məlumatlandırılması, maarifləndirilməsi ilə izah edə bilirik. Abituriyentlərlə, tələbələrlə, eləcə də onların valideynləri, qohumları ilə daimi söhbətlər aparırıq. Bu məqsədlə orta, orta-ixtisas, peşə, ali təhsil müəssisələrində davamlı görüşlər təşkil edir, sualları cavablandırırıq, təhsil kreditlərinin götürülməsinə köməklik göstəririk. İldə azı 2 dəfə Azərbaycanın bütün regionlarını gəzirik, davamlı olaraq maarifləndirici sessiyalar həyata keçiririk. Fond daim təbliğat-təşviqat işlərini həyata keçirir. TTKF-nin təqdim etdiyi kreditlərin bank kreditləri ilə müqayisədə asan şərtlərlə verilməsi, uzunmüddətli olması, güzəşt dövründə əsas məbləğə heç bir faizin hesablanmaması, faiz dərəcəsinin olduqca aşağı təklif edilməsi vətəndaşlarda inam hissi yaradır. Söhbətimizin əvvəllində də qeyd etdiyimiz kimi, təhsil kreditində zamin, girov tələb olunmur, tələbədən başqa ikinci şəxs alınan kreditə görə məsuliyyət daşımır və digər üstünlüklər tələbələr üçün əlçatanlıq yaradır. 

Əgər verilən məbləğ 20 il ərzində geri qaytarılırsa, həmin müddətin müəyyən dövrlərində simvolik olaraq 2 və 6 faizlə verilirsə, inflyasiya şəraitində hansısa mənfəətdən danışmaq doğru olmazdı. Təkrar edirəm, bu, kredit deyil, dövlətin təhsilə, tələbəsinə qayğısıdır. Biz davamlı tədqiqatlar aparır, boşluqları, qaranlıq məqamları tapır, aradan qaldırılması istiqamətində səylə çalışırıq. Daim təkliflərə, yeniliklərə açığıq. 

– Sonda istərdim ki, “Xalq qəzeti” vasitəsilə təhsil ödənişlərini həyata keçirə bilməyən vətəndaşlarımıza çağırış edə, tövsiyələrinizi verəsiniz.

– Biz sizə dövlətimizin yaratdığı alternativ imkanları təqdim edirik. Təhsil tələbə kreditindən yararlanmaq sizin haqqınızdır. Gələcəyinizə sərmayəni TTKF ilə reallaşdırın. 

– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Elm