Çağdaş texnologiyaların milli elm-təhsil mərkəzi

post-img

Azərbaycanın son illərdəki sürətli inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, dünyanın siyasi arenasında mövqeyinin daha da möhkəmlənməsi, ölkənin bütün zümrələrinin birliyindən doğan fəaliyyətin güclənməsi vətənimizin strateji hədəflərə doğru inamlı addımlarla irəlilədiyinin göstəricisidir. Bu fakt danılmazdır ki, respublikamız dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir və davamlı uğurları ilə diqqət çəkir. 

Aparılan düzgün, hədəfə yönəlmiş siyasət nəticəsində hər il daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması, ölkədə işgüzar aktivliyin daha da artması yoxsulluğun minimuma endirilməsinə münbit şərait yaradır, əhalinin etibarlı sosial müdafiəsini təmin edir. Çevik inkişaf mərhələsində olan Azərbaycanın əsas hədəfi çoxtərəfli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının daha üstün səviyyələrə çatdırılması, təhsilin, elmin və iqtisadiyyatın vəhdəti fonunda həyatın bütün sferalarında yeni nailiyyətlərin əldə olunmasıdır.

2024-cü ili artıq geridə qoymağımıza baxmayaraq, həmin ilin xatirələri hələ də yaddaşımızda canlanmaqdadır. İlboyu baş verən mühüm hadisələr, keçirilən əhəmiyyətli tədbirlər bir-bir yada düşür və 2024-cü ilin Azərbaycan tarixinin ən uğurlu illərindən biri olduğunu deməyə bizə əsas verir. Cənab Prezident İlham Əiyevin xalqın böyük dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi, parlament seçkilərinin, dünyada ən böyük beynəlxalq tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, işğaldan azad olunmuş ərazilərimizdə sürətlə bərpa və quruculuq işlərinin aparılması və digər mühüm hadisələr geridə qoyduğumuz ilin tarixi əhəmiyyətini bir daha nümayiş etdirir. COP29-dan söz düşmüşkən, onu qeyd etmək lazımdır ki, bu tədbir məhz cənab Prezidentimizin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ilin”də baş tutdu. Azərbaycan bu möhtəşəm tədbirə yüksək səviyyədə evsahibliyi etdi. Dünya ölkəmizin nailiyyətlərini, çox sayda qonaq qəbul etmək və mötəbər tədbirlər keçirmək bacarığını bir daha gördü. Eləcə də bütün dünya Azərbaycanın ekoloji problemlərə qarşı nə qədər həssas olduğuna və bizim “Yaşıl gündəliyimiz”ə bir daha inanmış oldu.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı, Azərbaycan dövlətinin yaxın bir neçə ildəki inkişaf hədəflərini özündə əks etdirən sənəd təsdiq edilib. Burada müəyyən olunmuş 5 milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”, digəri isə “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”dır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ölkədə müxtəlif ekoloji tədbirlər və aksiyaların həyata keçirilməsi də məhz həmin prioritetin məntiqi davamına çevrildi. 

Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, bu sahədə nailiyyətləri davam etdirməklə yanaşı, “Yaşıl enerji”yə keçiddə də irəliyə doğru kifayət qədər böyük addımlar atdı. “Yaşıl enerji” layihələri paytaxtdan bölgələrə yayıldı. Abşeronda, Neftçalada, Biləsuvarda, işğaldan azad olunmuş Cəbrayıl rayonunda günəş elektrik stansiyalarının təməli qoyuldu. Şəhər və rayonlarımızda yeni parklar, yaşıllaşdırma zolaqları və meşə massivləri salındı. İşğaldan azad olunmuş ərazilərimizdə müasir ekoloji standartlara uyğun yaşayış massivləri – “ağıllı şəhər”, “ağıllı kənd” layihələri həyata keçirildi və bu səpkidə işlər sürətlə davam edir. 

Bir sözlə, Azərbaycan qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiq olunmasına böyük əhəmiyyət verir. Təmiz enerji mənbələrindən istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasına çalışır və onu təşviq edir. Öz ərazilərində istilik effekti yaradan qaz emissiyalarının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində mühüm işlər görür. 

Əlbəttə, hərtərəfli inkişafı hədəfləyən Azərbaycan öz ekoloji mühitini yaxşılaşdırmağın yolunun müasir texnologiyalardan və onları tətbiq etməyi bacaran kadrlardan keçdiyini yaxşı bilir. Ümumiyyətlə, Azərbaycanda rəqabətli insan kapitalını formalaşdırmaq və ölkəmizi müasir innovasiyalar məkanına çevirmək cənab Prezidentin həyata keçirdiyi siyasətin əsas prioritetlərindəndir. Son illərdə beynəlxalq iqtisadiyyatda müşahidə etdiyimiz texnoloji dəyişikliklər, hətta mən deyərdim, inqilabi dəyişikliklər mühiti, ölkələrarası rəqabəti daha da artırmışdır. Görünən odur ki, gələcək həyat sürətli rəqəmsallaşma, bütün sahələrdə müasir texnologiyaların aktiv tətbiqi və insanın iştirakı olmadan yeni avadanlıqların inkişafı ilə səciyyəvi olacaqdır. 

Sözsüz ki, belə şəraitdə dünyada artan rəqabətə davam gətirə bilmək üçün Azərbaycanın da əsas hədəflərindən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün gənclərimizə muasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əlçatan olmalıdır. Ümumiyyətlə, Azərbaycan dövləti cəmiyyətin inkişafının əsas təminatçısı olan təhsilin daha da gücləndirilməsi üçün bu sistemdə davamlı modernləşmə aparır, inteqrasiya edə bilən tədris təcrübəsini  daim inkişaf etdirir. Təhsil sistemimiz gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlarda rəqəmsal səriştələrin mənimsənilməsinə diqqət yetirir, yeni bacarıqlar aşılayır, muasir ixtisas və peşələrlə tanış edir. Aparılan islahatlar nəticəsində yüksək keyfiyyətli təhsil almaq imkanları genişlənir və ölkəmizdə kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılır. 

Şübhəsiz ki, gələcəkdə müasir texnologiyaları dəstəkləyən sahələr və innovasiyaları qəbul edən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Bu fonda Azərbaycanı rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran yeni ekosistemlərə ehtiyac duyulmaqdadır. Bu ehtiyacın ödənilməsində universitetlərin üzərinə kifayət qədər məsuliyyətli işlər düşür. Yeni dövrdə qurulacaq ekosistem – müvafiq təşviqlər, inkubasiya və akselerasiya mərkəzləri, maliyyələşmə mexanizmləri universitetlərdə formalaşaraq iqtisadiyyatın texnoloji tutumluluğunun artırılmasına istiqamətləndirilməlidir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla universitetlərin texnoloji ixrac məkanına çevrilməsi üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə universitetlərdə və elmi-tədqiqat mərkəzlərində nəticəyönümlü elmi işlər təkmilləşdirilməli və sayı artırılmalıdır.  

Azərbaycanda modern təhsilin inkişafı nəticəsində formalaşacaq insan kapitalı ölkəmizin iqtisadi və sosial rifahının artırılmasında çox əhəmiyyətli yer tutacaq. Gənclərin  yetərli bilik və bacarıqlar əldə edərək cəmiyyətdə özünə yer tapmasında təhsil, xüsusilə də ali təhsil ən mühüm vasitələrdən biridir. Ali təhsil formalaşmış insan kapitalını cəmiyyətə təqdim etməklə, sosial rifahı artırmaqla yanaşı, insanların əldə etdiyi gəlir səviyyəsini yüksəldərək fərdi rifahı da təmin edir. Məhz ali təhsilin cəmiyyətə və fərdlərə qazandırdığı bu faydalar səbəbindəndir ki, həm dünyada, həm də Azərbaycanda ona tələb sürətlə artmaqda davam edir. 

Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start vermiş oldu. Bununla əlaqədar olaraq 2009-cu ildə qəbul edilmiş “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunmuşdur ki, proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. 

Proqramın icrasında məqsəd ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması və Bolonya prosesinin əsas prinsipləri üzərində  yenidən qurulması idi. Aradan keçən zaman kəsiyində də bu proqramın reallaşmasında kifayət qədər ciddi və uğurlu addımlar atıldığının şahidi olduq. Qeyd olunan mərhələdə atılan mühüm strateji addımlardan biri də Prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007–­2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olmuşdur. Proqramın əsas hədəfləri xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının artırılması və ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidən hazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi olmuşdur. 

Uğurla reallaşdırılan bu proqram çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanmışdır. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vurub geri qayıtmış və ölkəmizin gələcək inkişafına, xüsusilə də ali təhsilin inkişafına öz töhfələrini verməyə başlamışdır. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2022-ci il tarixli sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən xaricdə təhsil üzrə yeni Dövlət Proqramı təsdiq olundu. Bu proqram çərçivəsində də yüzlərlə Azərbaycan gəncinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi nəzərdə tutulur. Artıq proqramın bir hissəsi icra olunub.

Təhsilin inkişafı üzrə dövlət strategiyasının icrası ilə əlaqədar olaraq son illər ölkədə ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, ali təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, universitetlərdə doktorantura təhsili və tədqiqat potensialının gücləndirilməsi, ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələrinin idarəetmə modelinin təkmilləşdirilməsi, onların əlavə təhsil imkanlarının genişləndirilməsi, beynəlmiləlləşmənin artırılması və bütövlükdə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzləri kimi cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətlərində əhəmiyyətli nəticələr qazanılmışdır. Bu uğurlu nəticələrin əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bütövlükdə təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulamaq lazımdır.

Universitetlərin araşdırma – texnoloji inkişaf və innovasiya missiyaları aspektindən yanaşıldıqda görünür ki, inkişaf etməkdə olan ölkələrdə prioritet daha çox yaxşı təhsil verən universitetlər olduğu halda qlobal texnologiya-innovasiya yarışına qoşulan ölkələrdə daha çox universitetlərin araşdırma və innovasiya nəticələrinə əhəmiyyət verilir. ABŞ və Birləşmiş Krallıq universitetləri bu istiqamətdə lider mövqedədir. Digər Avropa ölkələrinin bu yarışda mövqelərini gücləndirmək üçün daha çox resurslar ayırdığını və yeni universitet modelləri yaratdıqlarını, başda Çin olmaqla Cənub-Şərqi Asiya universitetlərinin isə son illərdə bu istiqamətdə əhəmiyyətli məsafə qət etdiklərini görmək mümkündür.

 İnformasiya texnologiyalarının inkişafı ilə birlikdə ali təhsildə beynəlmiləlləşmə əhəmiyyətli bir inkişaf strategiyasına çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam ölkədə ali təhsilin və kadr hazırlığının inkişafında yeni yanaşmaları və imkanları ortaya qoyur. Beynəlxalq rəqabətə və əməkdaşlıq şəbəkələrinə aktiv şəkildə qoşulmanı tələb edən bu strategiya elmi və texnoloji proseslərdə iştirak etmə, təhsil-araşdırma təcrübəsi və resurslarını birləşdirmə, maddi resurslara çıxış, institusional potensialı təkmilləşdirmə və keyfiyyətli insan resursu cəlbetmə baxımından mühüm əhəmiyyət kəsb edir.

Son illərdə  cənab Prezidentin tapşırığı əsasında Elm və Təhsil Nazirliyi  Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurmasına xüsusi diqqət göstərir. Bu ölkə ali təhsilinin gələcəyi üçün atılan strateji addımlardan hesab edilə bilər. Sözügedən əməkdaşlıq ölkənin ali təhsil sektorunda beynəlxalq standartların mənimsənilməsi və strateji planlaşdırmanın düzgün şəkildə həyata keçirilməsi işinə böyük təkan verməkdədir.

2020-ci ilin sentyabr–noyabr aylarında baş verən və cəmi 44 gün davam edən “Vətən müharibəsi”ndə, eyni zamanda, 2023-cü ilin sentyabr ayının 19-da həyata keçirilən 23 saatlıq antiterror əməliyyatında Azərbaycan uzun müddət idi ki, davam edən milli problemini həll etdi – Qarabağ düşmən işğalından azad edildi, xalqımız öz suverenliyini bərpa edərək ərazi bütövlüyünü təmin etdi. Bu böyük Zəfər cəmiyyət olaraq bizim qarşımıza növbəti bir milli vəzifəni – Qarabağın yenidən qurulmasını qoymuşdur. Tamamilə yenidən qurulmağa başlayan Qarabağda həm də Azərbaycan təhsili, xüsusilə də ali təhsil yenidən formalaşdırılır. Tarixi Azərbaycan şəhəri olan Xankəndidə Qarabağ Universitetinin yaradılması xüsusilə böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, bu universitetin bütün müasir standartlara cavab verən formada qurulması və onun təməlində Qarabağ Elm-Təhsil-İnnovasiyalar məkanının təşkil edilməsi bütövlükdə bölgədə ali təhsil sektorunun inkişafı və iqtisadi fəaliyyətlərin davamlılığı baxımından əhəmiyyətlidir.

Azərbaycanın digər universitetləri kimi, Azərbaycan Texnologiya Universiteti (ATU) də müasir dövrün çağırışlarına adekvat cavab verən ideya və təşəbbüslərin dəstəklənməsi istiqamətində uyğun işlər görməkdədir. Universitetdə yeni yaradılmış İnnovasiya Mərkəzi, ildə bir neçə dəfə keçirilən və mövzuları müxtəlif müasir çağırışlara cavab verən beynəlxalq və respublika səviyyəli elmi-praktik konfranslar, aktual sahələri əhatə edən və sənaye müəssisələrinin də aktiv iştirakı ilə keçirilən forumlar, şirkətlərin, dövlət və sənaye müəssisələrinin də qatıldığı texnologiya sərgiləri, “startap” yarışları, elm əsaslı universitet-sənaye əlaqələri, beynəlmiləlləşmə və bir sıra başqa tədbirlər cənab  Prezidentin müəyyən etdiyi prioritetlərə xidmət edir və ölkədə təhsil sahəsində aparılan mühüm işlərə öz töhfəsini verməkdədir. 

Çalışırıq ki, bu il  ATU tarixində mühüm izlər qoyaq, ölkənin elm və təhsil strategiyasına uyğun daha əlamətdar nailiyyətlərə imza ataq. Çünki, 2025-ci il Azərbaycan Texnologiya Universitetinin 55 illiyinə təsadüf edir. 1970-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş ATU sabaha, yeni hədəflərə doğru, tarixi nüfuzunu yeni çağırışlara cavab verəcək şəkildə qaytarmaq istiqamətində inamla addımlayır.

Ümumiyyətlə, bu gün əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ali təhsil sektoru qarşıdakı illərdə də qlobal tendensiyalara, çağırışlara və milli iqtisadiyyatın tələblərinə adekvat şəkildə inkişaf edəcək və öz növbəsində Azərbaycanın bütün universitetləri ən yaxşı təcrübələrini ortaya qoyacaqdır.

Yaşar Ömərov, 
 Azərbaycan Texnologiya  Universitetinin rektoru

 



Elm