Qahirədə 56-cı ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Sərgiyə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.
Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, həmçinin səfirliyimizin digər əməkdaşları sərginin açılışında iştirak ediblər.
Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər naziri Usamə əl-Əzhəri və mədəniyyət naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib.
Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində 600 mədəni tədbirin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır. Stendimizdə nümayiş olunan nəşrlər sonda kitab həvəskarlarına hədiyyə olunacaq.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Frankfurt sərgisindən sonra dünyada ən böyük kitab bayramı hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib.
XQ