Yanvarın 22-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinin qarşısında onlayn şəkildə "Nəhdə, islam, dünyəvilik: XIX-XX əvvəlində Cənubi Qafqazda dini ənənələrin transformasiyası" seminar mövzusu ilə çıxış edib.
Qeyd edək ki, “Nəhdə” mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü kimi izah olunur.
Məruzədə Cənubi Qafqazda baş verən dini şüurun və ənənələrin transformasiyasında Yaxın Şərqdən qaynaqlanan “Nəhdə” komponentinin mənşəyi, inkişafı, spesifikası və yeni islam identikliyinin formalaşması prosesində rolu müəyyən edilib. Alimin araşdırdığı faktlara əsasən əminliklə demək olar ki, Azərbaycanda və bütün Cənubi Qafqazda müsəlman ziyalıları həm Ərəb, həm də İslam nəhdəsinin baniləri və görkəmli nümayəndələrinin irsinə öz yaradıcılıqlarında birbaşa müraciət ediblər və Ərəb Nəhdəsinin təmsilçiləri də öz növbəsində bu səmimi təşəbbüsün əks sədalarını Ərəb Şərqində daha geniş auditoriya müstəvisində yayımlanmasına səy göstəriblər.
Məruzədə həmçinin sözü gedən transformasiyanın bir sıra digər tarixi-fəlsəfi aspektlərinə də toxunulub. Moskva auditoriyası tərəfindən məruzə böyük maraqla qarşılanıb.