Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilib

post-img

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) İstanbulda ilk ümumi iclası keçirilib. İclas Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-nin birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar iclasdan əvvəl İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət edib, gül dəstələri düzüb.

Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Bakı şəhərində uğurla keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitində çıxışı ilə bağlı videoçarx göstərilib.

İclasda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdət Həsənov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Rövnəq Rzayev, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov, TADEF-in rəhbəri Adalet Turan, ABİD-in sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov çıxış edib. 

Onlar müxtəlif ölkələrdə yaşayan alimlərimizin bu dərnəyə qoşulmasının ABİD-in gələcək fəaliyyətinə müsbət təsirlərindən danışıblar. Dünyanın hər bir bölgəsində azərbaycanlı elm adamlarına, mədəniyyət xadimlərinə və həkimlərə rast gəlindiyini və onların öz sahələri üzrə müəyyən yüksək məqama çatmış şəxsiyyətlər olduğunu bildiriblər. Dünya şöhrətli bu insanların ilk elm ocağının məhz Azərbaycan olmasını sevindirici məqam kimi vurğulayıblar.

Son 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunan çıxışçılar 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfəri məmnuniyyətlə xatırladıblar. Bəzi mənfur qüvvələrin COP29-un Azərbaycanda təşkilinə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın həmin tədbiri ən yüksək səviyyədə keçirərək öz siyasi, mədəni və bəşəri gücünü bir daha dünyaya nümayiş etdirdiyinə diqqət çəkiblər. Ölkəmizin informasiya mübarizəsindən qalib çıxdığını diqqətə söyləyiblər.

İki gün davam edən iclasda ABİD-in idarə heyətinin və digər struktur bölmələrinin formalaşdırlması ilə bağlı seçkilər keçirilib. Növbəti toplantılardan birinin Bakı Dövlət Universiteti tərəfindən təşkili, alimlərin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı, ortaq seminarların və layihələrin təşkili məsələləri müzakirə edilib. ABİD adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ zəfərindən sonra Azərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən müxtəlif ölkələrdə təhsil alan azərbaycanlıların magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankı formalaşdırmaq, gənclərimizin xaricdə yaşayan elm adamlarımızı daha yaxından tanımasına, onlarla ünsiyyət qurmasına, biliklərindən faydalanmasına şərait yaratmaqdır.















Elm