Peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün iyulun 14-də keçirilmiş imtahanın I mərhələsinin (mühasibat uçotu üzrə) nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS, maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS, ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 2408 nəfər iştirak edib.
Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 21 avqust saat 10:00-dan 25 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müvəffəqiyyət şərtləri:
İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırıqlarının hər biri 10 balla qiymətləndirilir.
I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.
1. Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
2. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
3. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – II səviyyə PMS.
II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.