Balaca maliyyəçilər

post-img

Valideynlərin maliyyə əsaslarını uşaqlara öyrətməsi gələcəkdə onların müstəqil maliyyə qərarları vermək vərdişlərini formalaşdırır. Bu bacarığı onlara düzgün şəkildə aşılamağın yolları:

1. Əsaslardan başlamaq

Uşaqlara pul anlayışı haqqında nə qədər tez danışmağa başlasaniz, bir o qədər yaxşıdır. Məsələn, pul nədir, necə işləyir, haradan gəlir. Pulun məhsul və xidmətlər üçün mübadilə vasitəsi olduğunu, pulun öz-özünə yaranmadığını – zəhmətlə qazanıldığını sadə izahlarla, aydın nümunələrlə onlara başa salmaq lazımdır.

2. Büdcənin əhəmiyyəti haqqında danışmaq

Uşaqlarınıza gündəlik pul verərək onları özləri üçün büdcə yaratmağa həvəsləndirin. Bu həm də uşaqlar üçün dəmir pullar və ya əskinaslardan ibarət maraqlı oyun ola bilər. Onlardan pullarını üç kateqoriyaya bölmələrini xahiş edin: xərclər, əmanət  və xeyriyyə üçün . Beləliklə, onlar gələcək haqqında düşünməyin nə qədər vacib olduğunu anlayacaq.

3. Pulun dəyərini öyrətmək

Uşaqlara pulun dəyərini bilməyi və ondan səmərəli istifadə etməyi öyrədin. Məsələn,

 ev işlərində sizə kömək etdiklərinə və  dərslərində yaxşı qiymət aldıqlarına görə onları pul ilə mükafatlandıra bilərsiniz. Onlar zəhmət sayəsində əldə etdikləri pulu daha çox dəyərləndirəcək, şüurlu şəkildə xərcləyəcəklər.

4. Əmanət anlayışı

Əmanət maliyyə savadlılığının əsas aspektlərindən biridir. Uşağınıza pul yığmağın səbəbi və gələcəkdə arzu olunan məqsədlərə çatmağa necə kömək edəcəyi haqqında danışın.Verdiyiniz pulların bir hissəsini saxlasın deyə uşaqlar üçün çox maraqlı olan elektron daxıl-seyf alın. Pulun necə böyüyə biləcəyini göstərməklə onlara səbirli olmağı, arzulamağı və nəticədə məqsədə çatmağı öyrətmiş olacaqsınız. Uşaqlar üçün istədiyi oyuncağı alarkən onların öz büdcəsindən istifadə edin. Bu onlara məsuliyyət hissi aşılayacaq və arzulara, məqsədlərə çatmaq üçün vaxt lazım olduğunu öyrədəcək.

5. Maarifləndirici oyunlar oynamaq

Uşaqlar üçün maliyyə biliyini artıran –  gəlir, xərc və investisiya anlayışlarını daha yaxşı öyrənməyə kömək edən xüsusi proqramlar, stolüstü və rəqəmsal oyunlar var. Məsələn, “Monopoly ”, “The Game of Life ” kimi əyləncəli və maraqlı oyunlar uşaqların rahat mühitdə mürəkkəb maliyyə anlayışlarını öyrənməsini asanlaşdırır.

6. Ağıllı alış-verişin əhəmiyyətini müzakirə etmək

Maliyyə savadlılığının sirlərindən biri bütün satılan məhsullarin zəruri, keyfiyyətli olmadığını başa düşməkdir. Uşaqlarınıza istəklərini qiymətləndirməyi, nə vaxt bir şey almağın mütləq  olduğunu və nə vaxt gözləməyin daha yaxşı olduğunu öyrədin. Uşaqlara müxtəlif mağazalarda eyni məhsulun qiymətlərini müqayisə etməyə dəvət edin. Bu, onlara nəinki pulları ilə diqqətli olmağı öyrədəcək, həm də qərar vermə bacarıqlarını inkişaf etdirəcək.

7.Kredit və borcların nə olduğunu izah etmək

Böyük uşaqlara kreditlər və borclar anlayışı haqqında danışmağa dəyər. Kreditin  bir bankdan və ya bir şəxsdən alinan borc olduğunu, onu faizlə geri qaytarmaq öhdəliyinin olduğunu izah edin. Uşaqlarınıza kreditlərin risklərini və nəticələrini qiymətləndirməyi öyrədin ki, gələcəkdə maliyyə səhvlərinə yol verməsinlər.

Zülfiyyə Ziya

XQ

Sosial həyat