I məqalə
İnduslar inanırlar ki, dünyada onlarınkı kimi ölkə, onlar kimi millət... onların elmi kimi elm yoxdur.
Əl Biruni
“Nobelçilər”
Alimlik elə insani fenomendir ki, tam dərki mümkün deyildir. Alimlər yaradcılıqları ilə həm özlərini, həm də dünyanı “kəşf edirlər”. Bu kəşfin qədimdən nümunələri çoxdur. İndiki zamanda alimliyin əhəmiyyəti daha da artmışdır. Səbəblərindən danışmaq olar. Onların təməlində müasir insan həyatının həm fərdi, həm də kollektiv səviyyələrdə yeni xüsusiyyətlər alması dayanır. Məsələn, insan yüksək ictimailəşmişdir və bu da onun bütün mənəvi, əxlaqi, fizioloji, fiziki, psixoloji, mədəni və digər özəlliklərinə ciddi təsir etməkdədir. Bununla insan-cəmiyyət münasibətlərinin də yeni maraqlı cəhətləri meydana gəlir. Alimlər məhz bu prosesin ön sırasında gedən yaradıcı insan və eyni zamanda, onun məsuliyyətini daşıyan vətəndaş statusundadırlar. Çünki belə bir fikir mövcuddur ki, XXI əsr cəmiyyətləri bilik və informasiya cəmiyyətləridir. Bu tezisin mənalarından biri ondan ibarətdir ki, müasir cəmiyyətləri alimlər yaradırlar!
Maraqlı və düşündürücüdür. Bu tezislə razılaşmamaq da olar. Lakin demək olar ki, hər gün dünya üzrə yeniliklər haqqında informasiya alırıqsa və bunun elmi yaradıcılığın məhsulu olduğunu biliriksə, onda alim şəxsiyyəti və fəaliyyəti üzərində bir daha düşünmək istəyi tamamilə təbii görünür.
Alim kimdir? Onun cəmiyyətə faydası və təhlükəsini hansı meyarlarla adekvat müəyyən etmək olar? Ümumiyyətlə, müasir alim necə olmalıdır? Bunun bir nümunəsi vardırmı? Bu məqalədə məqsəd, qoyulan suallara ümumi fəlsəfi cavab axtarmaqdan ibarət deyildir. Konkret bir alim – kimya üzrə 2015-ci ildə Nobel mükafatını almış ilk türkün nümunəsində alimliyin bir sıra özəlliyindən bəhs etmək başlıca məqsəddir.
Öncə bir müsbət məqamı vurğulamaq gərəkdir. AMEA-nın rəhbərliyi çox gözəl bir istiqaməti inkişaf etdirir. Dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri AMEA-ya dəvət edir, onlarla canlı ünsiyyəti təşkil edir. Bu, zəngin bir təcrübə qazandırır. Özü də azərbaycanlı tədqiqatçılar Nobel kimi yüksək mükafatı almış alimlərlə birbaşa ünsiyyətdə olmaq imkanı əldə edirlər. Bu, elmə, alimliyə, yaradıcı olmağa həvəsləndirir. Əlavə olaraq insanın öz millətindən olan “Nobelçi”ni görməsi və onu dinləməsi ayrıca elmi təşviqdir. AMEA prezidenti bu təşviqi çox fəal surətdə aparmaqdadır.
Alim necə olmalıdır?
Bu dəfə ABŞ-da yaşayıb yaradan türk kökənli Nobel mükafatçısı Əziz Səncər AMEA Rəyasət Heyətinin tarixi zalında Azərbaycan alimləri ilə dialoqa dəvətli idi. Məruzəsi sadə və çox dərin idi. Ondan öyrənməli çox şeylər vardır. Lakin Əziz Səncərin, ümumiyyətlə, “alim necə olmalıdır?” sualına dolayısı cavabı olduqca maraqlı və düşündürücüdür. Daha doğrusu, türk “Nobelçi” məruzəsinə başlayanda alim olmağın bir formulunu verdi. Həmin formul belədir: alimlik zəkadan çox zəhmətə, çalışqanlığa bağlıdır!
Əslində, alimliyin bu cür dixotomiya formasında tərif edilməsi Qərbin fəlsəfi və elmi dairələrində çoxdan müzakirə edilir, araşdırılır. “İnsanın zəkası, yoxsa çalışqanlığı, zəhmətkeşliyi alimlik üçün həlledicidir?” sualı ritorik deyildir. Onun fəlsəfi altmənaları zəngindir. Zəkavi, fizioloji, psixoloji, sosial-mədəni aspektləri mövcuddur. Hələ Aristotel maraqlı bir fikir irəli sürmüşdü. O, elmi fəaliyyəti insanın daxili intensiyası, təbii meyli, həvəsi, istəyi, can atması keyfiyyəti ilə bağlayırdı. Yunan filosof yazırdı ki, alim olmaq üçün insanın təməldən alimliyə can atması olmalıdır (“niyyətin hara, mənzilin ora”). Bu olmasa, əsl alimlik alınmaz.
Bununla yanaşı, tarix boyu alimliyi yüksək zəka, ağıl və mənəviyyatla sıx bağlı tədqim etmişlər. Bu bağlılığın bir tərəfi yaradıcılıqdırsa, digər tərəfi bəşəriyyət qarşısında məsuliyyətlə əlaqəlidir. Ona görə də alim fərd olaraq zəkalı, cəmiyyət üzvü kimi əxlaqlı, bəşəri varlıq kimi isə məsuliyyətli şəxs kimi yüksəklərə qaldırılmışdır. Təkcə Məhəmməd Peyğəmbərin (s.ə.s.) “alim öldü, aləm öldü” deyimini xatırlamaq kifayətdir! Nizaminin elmə verdiyi yüksək qiymətin mənasına varmaq, Füzulinin yanğısında yanmaq, Nəsiminin “iki cahanına sığmamağı” sınamaq bəsdir!
Amma alimliyi yalnız şüuri və psixoloji faktorlarla izah etmək, cəmiyyətdə verilən yüksək qiymətə görə təsnif etmək yetərli deyildir! Ə.Səncər yanaşmasının əsas motivi bundan ibarətdir! Yəni insan fitri istedad sahibi ola bilər, yüksək analitik təfəkkürə və zəkaya malik olar, fəzilətlilyin yüksək səviyyəsiə qalxar, lakin alim olmaya da bilər. Bunun üçün elmi fəaliyyət, zəhmətkeşlik, çalışqanlıq mütləq şərtdir. Dünyada çox adamların başına alma düşmüşdür, lakin yalnız Nyuton bundan elm düzəltdi. Və yaxud, hər gün kimsə kiməsə “sənin başın boşdur” deyir, lakin yalnız Tomas Edisona küçədə keçmiş sinif yoldaşı ona “sənin başın boşdur, mənasız işlərlə məşğulsan” deyib. Alim bundan nəticə çıxararaq lampanın havasını alıb və o, işıq saçıb”! Başqa misallar da çoxdur, lakin aydındır ki, alimlik zəka və zəhmətlə yanaşı, başqa faktorlarla da bağlıdır. Buna görə XX əsrdə Pol Feyerabend qədim yunanları, o cümlədən Platonu yaradıcılığı adekvat anlamamaqda günahlandırırdı. P.Feyerabendə görə, emi yaradıcılıq insanın ruhsal, fiziksəl, psixoloji, koqnitiv (idraki) keyfiyyətləri ilə sosial-mədəni mühitin vəhdətində meydana gələ bilir.
Bir məqamı da vurğulayaq. Belə bir deyim vardır ki, “alim olmaq asandır, adam olmaq çətin”! Məncə, yarımçıq həqiqətdir. Çünki alim yalnız adamlardan ola bilir. Əsl alim adamlığını anlayıb, adam kimi həyat sürməyə üstünlük verənlərdən olur. Bu mənada çox bilmək (Heraklit Pifaqoru bunda günahlandırırdı) alim olmaq demək deyildir. Alimlik diplomu almaq və yeni fikir yaratmaq da tam olaraq alimlik deyildir. Məncə, alimlik insanın fərdi zəkalılığı ilə mənəvi-əxlaqi və psixoloji vəhdətinin daim sosial-mədəni mühitdə aktuallşmasıdır. Yəni alimlik hər anda hər zaman insanın zəkası ilə praktiki yaşantısının qarşılıqlı əlaqəsində yaradıcı effekt verən elmi və məsum bir yaşantıdır! Alimlik bu anlamda zəkalılıqla zəhmətin qovşağında bəşəriyyəti tam görə bilən və ona yol göstərən çalışqanlıqdır! Burada Əziz Səncərin tərifinin əhəmiyyəti aydın olur.
“Mən dünyanı görürəm!”
Maraqlıdır, hər insan dünyanı “görə bilmir”. Lakin hər dünyanı “görən” də alim olmur. Platona görə, yalnız müdriklər dünyanı “görə bilərlər”. Onun da mənşəyi bu dünyada deyil, mükəmməl və əsl varlıqların aləmində – “ideyalar aləmindədir”! Bu dünyada insanın ruhu ideyalar aləmində nəyi seyr edibsə, onu dərk edə bilər. Abstrakt bir yanaşmadır (P.Feyerabend yaradıcılıq məsələsində buna görə Platonu tənqid edirdi). Ancaq Platon onu da deyir ki, “müdrik insan daim öyrənəndir”! Daim öyrənmək isə böyük zəhmət, səbr və məqsədyönlülük tələb edir. Deməli, hətta, Platon kimi “ideyalar aləmi”ndən “asılı” filosof-alim belə, zəhməti fitri istedadla yanaşı qoyur və hətta çalışmaqla, həmişə öyrənməklə müdrik olmağı, yəni filosof olmağı mümkün sayır! Bəlkə də müasir elmi təfəkkür üçün bu, ziddiyyətli yanaşmadır, lakin daha dərin qatlarda Platonu anlamaq olar. Əziz Səncər buna nail olmuşdur!
Fəlsəfə və elm tarixi göstərir ki, böyük yaradıcı adamlar həmişə zəkaya üstünlük vermişlər. İbn Sina insanın Allah tərəfindən hissə-hissə deyil, tam olaraq yaradıldığı tezisini irəli sürən filosofdur. Lakin insan sanki havada xaotik titrəyən yarpaq kimi həyat sürür. Onu necə yaşamaq isə artıq insanın öz seçimidir. Alim bu reallığı dərk edib, bütövlükdə insanlıq, bəşəriyyət üçün “yarpaq kimi titrəyən” məsum varlıqdır!
F.Bekon isə deyirdi ki, “bilik gücdür!”. R.Dekard “düşünürəmsə, varam” söyləmişdi. Avropa maarifçiləri inanırdılar ki, zəka ilə insanları insanlaşdırmaq və ümumiyyətlə, cəmiyyəti dəyişmək olar. Modernizm buradan qaynaqlanır – mədəniyyət, elm, incəsənət, zəkaviliyə dayananda doğru insan və düzgün humanist cəmiyyət yaradır. İ.Kant zəkanı zəka ilə tənqid etməkdən başqa yol tapa bilmədi. V.Hegel “zəkavi olan həqiqətdir” – dedi. F.Nitsşe isə hissləri, duyğuları (irrasionallıq – qeyri-məntiqilik, yəni hardasa zəkavi olmayan) önə çəkdi, ona “dəli” dedilər. Bunlarla yanaşı, F.Engelsin “insanı əmək yaradır” kimi klassik deyimi də vardır.
Bütün bu kimi ümumi fəlsəfi fikirlərin işığında yuxarıda vurğuladığımız mənada bir sual aktualdır: bəs nəyə görə hər bir millətin öz “alimlik tarixçəsi” vardır? Elə millətlər vardır ki, onlarda dünya miqyasında kəşfedən olan alimlərin sayı çoxdur, başqalarında azdır, bir çoxlarında isə heç yoxdur.
Burada yenə də Ə.Səncərin bir müqayisəsi yada düşür. Beynəlxalq reytinq cədvəllərindən birində qədimdən bu yana dünya miqyaslı alimlər sırasında yalnız bir türkü – Əl Birunini göstərmişlər! XX əsrdən bu yana türklərin dünya miqyaslı alim yetişdirib-yetişdirməməsi ilə bağlı mübahisə etmək olar. Ancaq bu, ümumi mənzərəni dəyişmir. Çünki faktdır ki, avropalılar, çinlilər, ruslar, yunanlar, dünyaya çoxlu sayda yüksək səviyyəli alimlər vermişlər. Elə X əsrdən bu yana həmin siyahıda əsas olaraq qərblilər, ruslar, çinlilər və başqalarını görərik. Bizimkilər yoxdur. Ə.Səncər AMEA-dakı məruzəsində sualı məhz bu aspektdə qoydu: “bizimkilər niyə yoxdur?”.
Burada akademik İsa Həbibəylinin çox yerində olan və Nizamidən gətirdiyi bir nümunəni mütləq demək lazımdır. Həmin nümunənin məzmunu belədir ki, türklərdə zəka yüksək olsa da, “tənbəldir”! Ona görə də sonda istedadlı türk “saxsı qabı satan” ola bilər. Ə.Səncərin məruzəsində toxunduğu daha iki vacib elmi faktın işığında AMEA prezidentinin gətirdiyi bu nümunə olduqca yerinə düşür. Belə ki, Ə.Səncər vurğuladı ki, son illər yüksək reytinqli “Science” elmi jurnalında dünyanın ən qabaqcıl (xüsusi terminlə: reytinqli) alimləri sırasında çinlilər üstünlük təşkil edirlər. Məsələn, 2023-cü ildə 9 ən yüksək reytinqli almin 7-si çinlidir!
Bundan başqa, Ə.Səncər ayrıca cədvəldə göstərdi ki, 1997-ci ildə Çin dünyanın ən qabaqcıl elm ölkələri sırasında heç yoxdur. 2023-cü ildə artıq birinci sırada qərarlaşmışdır! Təsəvvür edək – cəmi 27 ilə Çin elmdə yüksək sıçrayışa nail omuşdur. Yaponiya geriləsə də, qabaqcıllar sırasında vardır.
Həmin siyahıda isə heç bir türk dövləti yoxdur! Əsas nəticə də bu faktdan alınır. Nəyə görə belədir? Əlbəttə, bu sualın üzərində bütövlükdə türk elmi camiyəsi düşünməlidir. Səbəblər və şərtlər aydınlaşmalıdır. Bir neçə dövləti olan türk millətinin, əlbəttə, istedadlı, yüksək zəkaya malik insanları kifayət qədərdir. Lakin Nobelə yalnız Əziz Səncər layiq görülmüşdür. Deməli, bizim üzərində geniş dayandığımız və Ə.Səncərin də vurğuladığı yüksək zəkalılıq dünya miqyasında tam yaradıcı olmağa kifayət etmir. Həmin məqamda Nizaminin təfəkkürün tənbəlliyinə işarəsi düşünmək üçün yeni əsaslar verir.
“Təfəkkürün tənbəlliyi” məcazi (metaforik) anlayışdır. Bu onu ifadə edir ki, təfəkkür “çalışmaq istəmir”, ona meyilli olmur. Təfəkkür var, yüksək zəka var, lakin onun çalışması yoxdur. Sonu “saxsı qabı satmaq” olur. “Saxsı qabı satmağa” yüksək zəkalı omaq lazımdır, ya lazım deyil?” dixotomiyasına cavab başqa məsələdir. Ancaq onun Nobel mükafatı ala bilməycəyi tam aydındır. Yəni təfəkkürü, zəkanı elmi yaradıcılıq istiqamətində çalışdırmaq lazımdır. Əziz Səncər də məhz bu çalışqanlıqdan bəhs edir, türk insanlarından onu görmək istədiyi fikrini ifadə edir! Məsələnin bu tərəfi elmi yaradıcılığın anatomiyası baxımından çox maraqlıdır!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru