Sözün dahisi: Məhəmməd Füzuli

post-img

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar tədbir keçirilib. Heydər Əliyev lektoriyasının rəhbəri tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarını salamladıqdan sonra Məhəmməd Füzulinin ədəbi-bədii irsinə böyük rəğbət bəslənildiyini, müasirləri, o cümlədən layiqli davamçıları tərəfindən ehtiramla yad edildiyini diqqətə çatdırıb. Tədbiri böyük şairə rəğbət və məhəbbətin ifadəsi kimi dəyərləndirib. 

“Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatında müstəsna təsir imkanını gerçəkləşdirən qüdrətli sənətkar dedikdə, ilk növbədə yaddaşımızda dahi şair Məhəmməd Füzuli əzəməti canlanır” sözləri ilə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Məhəmməd Füzulinin insana dərin məhəbbət aşılayan çoxcəhətli bədii-fəlsəfi irsini mütəfəkkirin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan mənəvi sərvəti səviyyəsində qiymətləndirib. Böyük şairin anadilli poeziyamızın mükəmməl nümunələrinin yaradıcısı olduğunu deyən  rektor İ.Mədətov Azərbaycan bədii dilinin daha da zənginləşməsində müstəsna rolundan ətraflı bəhs edib. Füzulinin yubileyinin vaxtilə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirildiyini xatırladan rektor 30 il əvvəl müstəqil Azərbaycan Respublikasında ölməz şairin 500 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini mədəniyyət və sənət bayramı səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.  

Mərasimdə AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavər “Məhəmməd Füzuli yaradıcılığına nəzər”, ATMU-nun Dillər kafedrasının əməkdaşlarından dosent Ağaverdi Xəlilov “Məhəmməd Füzuli yaradıcılığının folklor qaynaqları”, baş müəllim Almaz Zöhrabova isə “Məhəmməd Füzuli lirikası” adlı məruzələrlə çıxış ediblər. Tələbələrdən İlkanə Eyvazova, Fidan İsrafilova, Bahar Zəkəryəyeva, Namik Ramazanov, İlay Əliyeva və Nərmin Əliyeva şairin zamana sığmayan  şerlərini  ifa ediblər. Sonda “Leyli və Məcnun” operasından bir parça nümayiş olunub.

Z.HÜSEYNOVA
XQ





Elm