Son vaxtlar beynəlxalq kütləvi informasiya vasitələrində Naxçıvanda amazon qəbirlərinin tapılması haqqında məlumatlar yayılıb. Məlumatlarda qeyd olunur ki, Naxçıvanda Britaniya arxeoloqu Bettani Hyuzun rəhbərliyi ilə aparılan qazıntılarda təhlükəli qadın döyüşçülərin - amazon qəbirləri tapılıb. Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, Britaniya arxeoloqu Bettani Hyuz heç vaxt Naxçıvanda arxeoloji qazıntılara rəhbərlik etməyib. Bu qadın sadəcə Xaraba Gilan arxeoloji ekspedisiyasının üzvü olub. Qazıntılara isə arxeoloq, dosent Bəhlul İbrahimli rəhbərlik edib.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev söyləyib.
Alim deyib: “Qadın döyüşçülərin qəbirləri ilk dəfə 1926-cı ildə rus alimi, professor İ.İ.Meşşaninovun Qızılburunda apardığı qazıntılar zamanı aşkar olunub. Lakin Cənubi Qafqazın digər yerlərində belə tapıntılar əldə edilmədiyindən bu fikirlər elmi ictimaiyyət arasında təsdiqini tapmamışdır. Ancaq Bəhlul İbrahimlinin Ordubad rayonunda Xaraba Gilanda II Plovdağ nekropolunda apardığı araşdırmalar zamanı qadın döyüşçülərə aid qəbirlər aşkar olunmuşdur. Burada 6 və 12-ci qəbirlərdə əlində ox qabı, 13 ox və obsidian bıçaq tutan qadın skeletləri aşkarlanmışdır. Şərur rayonunda Dizə və Oğlanqala kəndləri yaxınlığında yerləşən Qızqala nekropolunda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının tədqiqatları zamanı da CR7 nömrəli kurqandan qadın döyüşçülərə aid skelet qalıqları aşkar olunub. Qızqala kurqanlarından obsidian ox ucluqları ilə bərabər tunc xəncər və nizə ucları da tapılmışdır. Qadın döyüşçü qəbirləri skif və sarmat tayfalarına aid abidələrin tədqiq olunması zamanı da aşkar olunmuşdur. Bu faktlar Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qədim dövrdə qadın döyüşçülərin olduğunu təsdiq edir. Bu faktlar qədim yunan və Roma mənbələrində olan məlumatlardan xeyli qədimdir”.
Onun sözlərinə görə, qədim yunan mənbələrində skiflər, albanlar və digər tayfalar da amazon adlandırılmışdır: “Bu, təsadüfi olmamışdır. Belə ki, Urartu dövləti ilə heç bir Şərq dövlətinin baş edə bilmədiyi bir vaxtda skiflər Urartunun bir başından girərək o biri başından çıxmış, bu dövləti güclü sarsıntıya salmışlar. Bu yürüşlərin nəticəsində Urartu tənəzzül etmişdir. Qədim alban tayfaları da işğalçılara güclü müqavimət göstərmişdir. Bu tayfalardan biri də Naxçıvanda da məskunlaşan etiunilər idi. Buna görə də urartular Naxçıvanı və Albaniyanın qərb torpaqlarını ələ keçirə bilməmişlər”.
Yunan və Roma əfsanələrində qadınların kişilərdən ayrı yaşayan bir qəbilə olduğu da deyilmişdir. Alim deyir ki, arxeoloji faktlar bunu təsdiq etmir. Qəbir abidələrinin tədqiqi göstərir ki, qadınlar kişilərlə bərabər dəfn edilmişdir. Araşdırmalar və ölkəmizin tarixi abidələri təsdiq edir ki, qadınlar həm qədim dövrdə, həm də Orta əsrlərdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında fəal iştirak etmişdir.
“Bu əfsanələrin yaranmasının səbəbi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşayan tayfaların işğalçılara güclü müqavimət göstərməsi və öz Vətənlərini müdafiə etməsi olmuşdur. Amma, çox təəssüf ki, sovet dövründə bir çox tarixi faktlar saxtalaşdırılmış, ölkəmizin tarixi ilə bağlı yanlış məlumatlar yayılmışdır”, - deyə Vəli Baxşəliyev bildirib.