AMEA-da islahatların yeni mərhələsinə start verilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq  “Heydər Əliyev İli” çərçivəsində akademiyada geniş elmi tədqiqatların aparıldığını, mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, akademiyada aparılan islahatlar nəticəsində elektron hərəkat geniş vüsət alıb, əhəmiyyətli nəticələr əldə olunub. Artıq AMEA-da islahatların yeni mərhələsinin başlanılıb.

Sonra akademik Türkiyəyə səfərinin nəticələrindən danışaraq deyib ki, bu il ilk dəfə “Türk Dilinə Xidmət” mükafatları türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli alimlərlə yanaşı, türk dünyasında önəmli yeri ilə fərqlənən dövlət təşkilatlarına və elmi qurumlara da verilib. AMEA da Türkiyə Cümhuriyyətinin Atatürk, Kültür, Dil və Tarix Yüksək Qurumunun “Türk Dilinə Xidmət” mükafatı ilə təltif edilib, bu mükafat ona Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazqı tərəfindən təqdim edilib.

AMEA rəhbəri “Türk Dilinə Xidmət” mükafatının Azərbaycan Milli Elmlər Akademiyasının müstəqillik illərində təltif olunduğu ilk beynəlxalq mükafat olduğuna diqqət çəkib, bunu təqdirəlayiq hadisə kimi dəyərləndirib.

Türkiyəyə səfəri çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandalla görüşdüyünü söyləyən akademik İsa Həbibbəyli görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə TÜBİTAK arasındakı əlaqələrin müasir vəziyyətinin və inkişaf perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli, həmçinin TÜBİTAK-ın ULAKBİM – Dərgi Parkı İnstitutu ilə AMEA arasında əlaqələrin genişləndirildiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə iki qurum arasında ULAKBİM layihəsi ilə yanaşı, süni intellekt, ortaq elmi layihələrin qarşılıqlı surətdə dəstəklənməsi, seysmologiya, arxeologiya, karbon-14 analizlərinin aparılması istiqamətlərində əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Bildirib ki, genişlənməkdə olan əlaqələrin daha səmərəli şəkildə həyata keçirilməsi üçün Akademiyada TÜBİTAK-ın Koordinasiya Mərkəzinin yaradılmasına dair razılıq əldə olunub.

İsa Həbibbəyli səfər çərçivəsində Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasında da iştirak edərək “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb.

AMEA-nın Asiyanın elmi qurumları ilə əlaqələrindən də danışan akademik İsa Həbibbəyli Türkiyəyə səfəri çərçivəsində Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə görüşdüyünü vurğulayıb. Bildirib ki, görüşdə AMEA-nın 2024-cü ildə Malayziya və Sinqapur akademiyaları ilə əlaqələrinin qurulmasına dair  fikir mübadiləsi aparılıb.

Sonra AMEA-nın prezidenti özünün və AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin Honq KonqdakıKore Akademiyasına həqiqi üzv seçilmələri barədə məlumat diqqətə çatdırılıb. 

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Niderland Krallığının Amsterdam  şəhərinə  səfərinin  nəticələri  haqqında məlumat verərək deyib ki, səfər çərçivəsində Avropa İttifaqının bütün Avropanı əhatə edən, elm və təhsildə informasiya texnologiyalarının tətbiqi problemləri ilə məşğul olan nüfuzlu GEANT təşkilatının Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. Alim çıxışında Azərbaycanın tərəfdaşı olduğu, Avropa Komissiyası tərəfindən təqdim olunan qrant layihəsinin əhəmiyyətindən bəhs edib, həmçinin iştirak etdiyi tədbirlərdə Azərbaycan elm-kompüter şəbəkəsinin idarə olunması məsələləri ilə bağlı müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanda böyük elmi məktəblər yaratmış görkəmli alimlərimiz – akademik Arif  Paşayevin və akademik Akif  Əlizadənin 90 illik yubileylərinin,  AMEA-nın müxbir üzvü Övsət Abdinovun isə 80 illik yubileyinin keçirilməsinə dair qərarlar qəbul olunub.

Sonda AMEA-nın 29 noyabrda keçirilmiş Ümumi yığıncağında Elm Tarixi İnstitutunun, AMEA-nın nəzdində “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, AMEA-nın Mərkəzi Nəbatat Bağının, AMEA-nın Təmir-tikinti və quraşdırma idarəsinin, AMEA-nın təsərrüfat hesablı Avtobazasının, AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun və AMEA-nın “Selen” Elmi İstehsalat Birliyinin ləğv edilməsinin rəsmiləşdirilməsinin başa çatdırılması haqqında qərarından irəli gələn məsələlər müzakirə edilib, bu məqsədlə müvafiq komissiyalar yaradılıb.

Anar ƏLİ,

XQ

Elm