Sankt-Peterburqda Şuşanın mədəniyyət kodu təqdim olunub

post-img

Sankt-Peterburqda “Mədəniyyət kodu Şuşa” lonqridinin təqdimatı keçirilib. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşanın Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda təqdimatı Şuşanın mədəni-mənəvi məzmun və əhəmiyyətinin Rusiya ictimaiyyətinə çatdırılması baxımından zəruridir.

XQ xəbər verir ki, təqdimat Əlimərdan bəy Topçubaşov adına “Rus-Azərbaycan mədəni-humanitar mərkəzi” tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Türkiyənin konsulu Erkan Dəmirqoparan, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov, Rusiyanın Xalq artisti Sergey Novojilov iştirak ediblər.

Layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qeyd edib ki, “codeshisha.com” sadə sayt deyil. Bu, Azərbaycan üçün tam yeni media məhsulu olan lonqriddir. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Müəllif vurğulayıb ki, Pənahəli xanın xoşbəxt şəhər konsepsiyası, onu ilhamlandıran möhtəşəm dağlarda həkk olunmuş qədim türkün izi, Ağabəyim Ağanın, Gövhər Ağanın, Xurşidbanu Natəvanın timsalında mütərəqqi şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı və bir çox maraqlı faktlar Şuşanın mədəniyyət kodunu təşkil edən amillər kimi lonqriddə orijinal formatda əks olunur.

Lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı xarıbülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir.

Bu platformada internetdə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən Alban kilsələrinin interaktiv xəritəsi, Şuşa məhəllələri xəritəsi, şuşalı musiqiçilərin 10 qızıl şəcərəsi infoqrafikası təqdim olunur.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanıb və onun ilk təqdimatı ötən il İsveç Krallığında keçirilib.

Anar ƏLİ,

XQ



Elm